«Azərbaycanda işgəncə halları geniş yayılıb»

«Azərbaycanda işgəncə və zorakılıq hallarından istifadə geniş yayılıb, xüsusilə həbs və dindirilmə zamanı». İşgəncələr əleyhinə Dünya Təşkilatının ən son bəyanatında belə deyilir.

Təşkilat «Talışi–Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov da daxil olmaqla, həbsdəki ölüm halları ilə bağlı dərin narahatlığını bildirib.

Vətənə xəyanətdə ittiham olunan «Talışı-Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov avqustun 17-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib.

O, İran xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

İşgəncələr əleyhinə Dünya Təşkilatı eyni zamanda Azərbaycanda əsassız həbslərin olduğunu və buna gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinin nümunə olduğunu bildirir. Təşkilat deyir ki, gənclərin həbsi «onların müstəqil və müxalifət jurnalisti kimi fəaliyyətinin qarşısını almaq arzusundan irəli gəlir».

Təşkilat Azərbaycan hökumətinin siyasi məhbuslarla bağlı dialoqu faktiki olaraq dayandırmasından da narahatlıq keçirdiyini bildirir.

Gənc bloqqerlər Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

İşgəncələr əleyhinə Dünya Təşkilatı bəzi ATƏT ölkələrində işgəncə və zorakılıqla bağlı vəziyyətə diqqət çəkmək istəyir. İlin əvvəlindən bu yana təşkilat işgəncə və digər zorakılıq hallarını pisləyən bir neçə bəyanat verib.