Avropa Məhkəməsi keçmiş «sadval»çının şikayətini təmin edib

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökuməti tərəfindən separatizmdə ittiham olunan «Sadval» təşkilatının üzvü olmuş Rahib Maqsudovun şikayətini təmin edib. Vətəndaşın şikayəti Azərbaycanın Ali Məhkəməsi ilə bağlı olub.

Avropa Məhkəməsi şikayəti araşdırarkən vətəndaşın ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu aşkar edib.

Hüquq Maarifçiliyi Cəmiyyətinin direktoru İntiqam Əliyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, ləzgi etnik mənşəli Rahib Maqsudov 1994-cü ilin mart ayının 19-da Ba¬kı Metropolitenində baş vermiş bomba partlayışının təşkilatçısı və icraçılarından biri kimi həbs olunaraq əvvəl ölüm cəzasına məhkum edilib.

Azərbaycanda ölüm cəzası ləğv edildikdən sonra onun da cəzası ömürlük cəza ilə əvəz olunub. 2004-cü il¬də Rahib Maqsudov Ali Məhkəməyə kasasiya şikayəti yazaraq məhkum edilməsinin ədalətsiz olmasından şikayət edib. Ali Məhkəmə ərizəçiyə heç bir cavab verməyib.

2006-cı ildə qohumları onun adından yeni kasasiya şikayəti hazırlayaraq Ali Məhkəməyə təqdim ediblər. Yalnız bu zaman məlum olub ki, Ali Məhkəmə 2004-cü ildə Rahib Maqsudovun kasasiya şikayətinə baxaraq onu təmin etməyib. Rahib Maqsudov Ali Məhkəmədə kasasiya şikayətinə onun iştirakı olmadan baxılması ilə bağlı Avropa Məhkəməsinə müraciət edib.

Avropa Məhkəməsi Azərbaycan hökumətindən vətəndaşın prosesə çağırılması ilə bağlı sübutlar tələb edib. Hökumət sübut təqdim edə bilmədiyinə görə vətəndaşın şikayətini təmin edib.