İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri bəlli oldu

Elinor Ostrum və Oliver Uilliamson

2009-cu il iqtisadiyyat üzrə Nobel mükafatı sahiblərinin adları bəlli oldu. Dünyanın ən nüfuzlu mükafatına amerikalı alimlər - Elinor Ostrum və Oliver Uilliamson layiq görüldülər. Nobel Komitəsi qaliblərin adlarını bu gün Stokholmda elan edib.

Uilliamson korporativ münaqişələrin həlli, Ostrom isə ictimai mülkiyyətin korporativ idarə olunması sahəsində araşdırmalarına görə bu mükafata layiq görülüblər.

İQTİSADİYYAT SAHƏSİNDƏ BU MÜKAFATA LAYİQ GÖRÜLMÜŞ İLK QADIN

Elinor Ostrum həm də Nobel mükafatının 40 illik tarixində iqtisadiyyat sahəsində bu mükafata layiq görülmüş ilk qadındır. Adı qaliblər sırasında açıqlanandan sonra 76 yaşlı Elinor Ostrum Nobel Komitəsi və jurnalistlərlə telefonla danışıb:

- İlk reaksiyam həddən artıq təəccüb və yüksək qiymət oldu. Bu mükafatı qazanmaq üçün güclü mübarizə aparan çox insan var idi və mən hələ də bir balaca şokdayam.

Nobel mükafatı 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis olunub və 1901-ci ildən verilir.

Alfred Nobel öz vəsiyyətində mirasının Nobel mükafatının institutlaşdırılması istiqamətində istifadə edilməsi və bu mükafatın hər il insanlığa xidmət göstərənlərə təqdim edilməsini istəmişdi. Amma bu vəsiyyətdə mükafatın iqtisadiyyat üzrə verilməsi nəzərdə tutulmamışdı.

MÜKAFAT ALAN AMERİKALILARIN SAYI ARTDI

Yalnız 1968-ci ildə İsveç Bankı Alfred Nobelin xatirəsinə iqtisadiyyat mükafatı verməyi qərarlaşdırıb və məhz bu sahə üzrə mükafat ilk dəfə 1969-cu ildə verilib.

Ötən 40 il ərzində iqtisadiyyat üzrə Nobel mükafatına 62 nəfər layiq görülüb. Onların böyük əksəriyyəti - 44-ü amerikalıdır, bu il isə bu sıraya iki nəfər də daxil oldu.

Ötən il də Nobel mükafatı laureatı amerikalı alim, «Nyu-York Tayms» qəzetinin köşə yazarı Pol Kruqman olub.

İqtisadiyyat üzrə Nobel mükafatı bu il təqdim olunan sonuncu mükafatdır. Ötən həftə səhiyyə, fizika, kimya, ədəbiyyat və sülh üzrə mükafat laureatlarının adları açıqlanıb. Bu il də mükafatı alanların böyük əksəriyyəti - 13-dən 11-i Amerika vətəndaşıdır, onların arasında Nobel sülh mükafatını almış prezident Barak Obama da var.

Nobel Mükafatının dəyəri 1.4 milyon dollardır.