Beynəlxalq Bankın «pis borcları»

Azərbaycan Beynəlxalq Bankı

«Fitch Ratings» beynəlxalq reytinq agentliyinin məlumatına görə, Azərbaycan Beynəlxalq Bankının bütün kreditlərinin təqribən üçdə biri – 27, 8 faizi - hal-hazırda problemli, «pis borc» sayılır, yəni, müştərilər bu məbləğdə krediti banka qaytarmaqda problem yaradırlar.

Mütəxəssislər deyirlər ki, beynəlxalq normalara görə, bu göstəricinin beş faizi keçməsi «həyəcan təbili» üçün kifayətdir.

«Fitch Ratings» bu nəticəni bankın özünün təqdim etdiyi rəqəmlərin təhlili nəticəsində əldə edib.

Beynəlxalq Bankın rəsmisi Rauf Ağayev AzadlıqRadiosuna müsahibəsində bankın belə bir probleminin olduğunu təsdiqləyib.

Beynəlxalq Bank bazar payına və əmanətlərin həcminə görə Azərbaycanda ən böyük bank sayılır.

«FITCH»: «BÜTÜN AZƏRBAYCAN BANKLARININ VƏZİYYƏTİ PİSLƏŞİB»


Problemlə üzləşən təkcə Beynəlxalq Bank deyil. «Fitch»in Moskva ofisində maliyyə təşkilatları üzrə direktor Vladimir Markelov «Turan» informasiya agentliyinə bildirib ki, bütün Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yanvar-iyunda pisləşib və bu hal yəqin ki, bu ilin sonuna qədər davam edəcək. Bu sahədə ən pis göstəricilərdən biri də Beynəlxalq Bankın payına düşür.

Beynəlxalq Bankın problemli kreditlərinin təqribən 19 faizi (18.6) vaxtı keçmiş kreditlər – yəni, qaytarılma müddətindən 90 gün keçməsinə baxmayaraq hələ də qaytarılmamış kreditlərdir.
Bankın problemli kreditlərinin böyük hissəsi dövlət layihələrinə ayrılan pullardır
Təqribən 9 faizi (9.2) isə yenidən strukturlaşdırılmış, yəni, qaytarıla bilməyən, problemin həlli üçün bankla razılığa gəlib, yenidən müqavilə imzalanan kreditlərdir.

BEYNƏLXALQ BANK: «PROBLEMLİ KREDİTLƏRİ ƏSASƏN DÖVLƏT LAYİHƏLƏRİ YARADIR»


Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev AzadlıqRadiosuna müsahibəsində deyir ki, bankın problemli kreditlərinin böyük hissəsi dövlət layihələrinə ayrılan pullardır:

«Məsələn, zavod var ki, biz onun inkişafı üçün pul ayırmışıq, amma hələ ki, qayıtmayıb. Bəzi dövlət layihələrinin icrası üçün uzun müddət tələb olunur».

Amma Rauf Ağayev krediti konkret hansı dövlət layihəsinin qaytarmadığını hələlik açıqlaya bilməyəcəyini deyir.

BEYNƏLXALQ BANK: «ƏMANƏTLƏRLƏ BAĞLI PROBLEM YARANMAYACAQ»


Beynəlxalq Bankın rəsmisi bildirir ki, əmanətlərlə bağlı heç bir problem yaranmayacaq, ən pis halda bank əmanətləri özünün ehtiyat fondundan ödəyəcək.

Rauf Ağayev deyir ki, hələlik bu böhranı aradan qaldırmaq üçün Beynəlxalq Bankın hələlik hökumətin yardımına ehtiyacı yoxdur, bu məsələnin həlli ilə bankın problemli kreditlər şöbəsi ciddi iş aparır.

MƏRKƏZİ BANK BANKLARA KREDİTİN HƏCMİNİ 10 DƏFƏ ARTIRIB

Amma artıq hökumət banklara maliyyə yardımına xeyli vaxtdır ki, başlayıb. Rəsmi saytında yerləşdirdiyi məlumata görə, Mərkəzi Bank banklara iki faizlə ayırdığı mərkəzləşmiş kreditlərin həcmini 10 dəfə artırıb.
Qubad İbadoğlu
2009-cu ilin sentyabrına olan məlumata görə, bu göstərici təqribən bir milyard 128 milyon manatdır.

EKSPERT: «SƏBƏB PİS İDARƏETMƏDİR»


İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə hesab edir ki, Beynəlxalq Bankın və Azərbaycandakı başqa bankların belə problemlə üzləşməsi pis idarəetmənin nəticəsidir. Azərbaycandakı bank menecerləri dünyadakı qlobal maliyyə böhranını nəzərə almadılar və böhran vaxtı riskləri idarə edə bilmədilər.

Beynəlxalq Bankın səhmlərinin 50.2 faizi dövlətindir. Qubad İbadoğlu deyir ki, bankın problemi dərinləşərsə, hökumət onu xilas etməyə cəhd göstərəcək.

Qubad İbadoğlu hesab edir, bankların problemini bu formada - Mərkəzi Bankın verdiyi kreditlərlə həll eləmək müvəqqəti səmərə verəcək, məsələni kökündən həll etmək lazımdır:

«Bank bazarına diskriminasiya və giriş baryeri var, bu maneələr aradan qalxmalıdır ki, bazar azad olsun və rəqabət onları inkişaf etdirsin, amma təəssüf ki, hökumət bunu etmir».

2009-cu ilin iyulun 1-ə olan məlumata görə, Azərbaycanda 46 bank fəaliyyət göstərir.