Azərbaycan banklarının reytinqi

Mütəxəssislər deyirlər ki, beynəlxalq normalara görə, problemli kreditlərin həcminin beş faizi keçməsi «həyəcan təbili» üçün kifayətdir

«BANKLAR MALİYYƏ BÖHRANINA REAKSİYA VERƏ BİLMİRLƏR»

«Azərbaycan banklarının aktivlərinin keyfiyyəti 2009-cu il ərzində pisləşib, bu da həm bank sektorunda, həm də ümumi iqtisadiyyatın zəifliyini qabardıb».

Bu haqda məlumatı mərkəzi Nyu-Yorkda yerləşən «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan haqda hazırladığı xüsusi hesabatda verib.

Agentlik hesab edir ki, baxmayaraq ki, ümumi Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranına özü ilə eyni səviyyədə olan ölkələrdən daha davamlıdır, bu böhran dövründə Azərbaycan bankları risklərin idarəolunması ilə bağlı aşağı səviyyəli iş nümayiş etdirə bilərdilər və bəzi istisnalar nəzərə alınmasa, bankların kredit portfelinin idarə olunması təcrübəsi aşağıdır.

Qeyd edək ki, Mərkəzi Bank bankların mərkəzləşdirilmiş maliyyəsinə ayırdığı vəsaitin həcmini axır bir ildə 10 dəfədən də çox artırıb. Bu maliyyələşmə dövlət vəsaiti hesabına aparılır.

Bəzi yerli eskpertlər hesab edirlər ki, kommersiya banklarının pis idarə edilməsindən itirilən vəsaitin dövlət vəsaiti hesabına örtülməsi düzgün deyil.

Bir müddət əvvəl prezident İlham Əliyev demişdi ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyib.

ƏN CİDDİ PROBLEMİ OLAN BANKLAR

«Fitch Ratings» bildirir ki, Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankında problemli kreditlərin həcmi – müştərinin geri qaytarmaqda problem yaratdığı kreditlərinin həcmi 27.8 faizdir.

Azərbaycan Beynəlxalq Bankı
Bu kreditlərin 18.6 faizi vaxtı keçmiş kreditlərdir, yəni, nəzərdə tutulan vaxtdan 90 gün keçməsinə baxmayaraq bank bu pulları hələ də geri ala bilməyib.

Ümumilikdə isə Azərbaycan banklarında problemli kreditlərin həcmi belə sıralanır:

Texnikabank - 38.8 faiz
Beynəlxalq Bank - 27.8 faiz
Unibank - 17.2 faiz
Azəriqazbank - 12.5 faiz
Kapital bank - 7.7 faiz
Azərdəmiryolbank - 6.0 faiz
Accessbank - 1.0 faizdir.

Mütəxəssislər isə deyirlər ki, beynəlxalq normalara görə, problemli kreditlərin həcminin beş faizi keçməsi «həyəcan təbili» üçün kifayətdir.

BEYNƏLXALQ BANK RAZILAŞMIR

Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyev isə «Fitch»in rəqəmləri razılaşmır, deyir ki, agentliyin Beynəlxalq Bankla bağlı bu rəqəmləri verməsi üçün əlində kifayət qədər məlumat yoxdur:

«Bu ümumi bir hesabatdır, «Fitch»in nümayəndələri bu yaxınlarda Bakıya gələcək və biz bu məlumatları birlikdə təhlil edəcəyik».

Cahangir Hacıyev əlavə edir ki, öz qiymətləndirmələrinə görə, Beynəlxalq Bankda problemli kreditlərin həcmi «Fitch»in rəqəmlərindən iki dəfə azdır.

Beynəlxalq Bankın rəsmi internet saytında yazılıb ki, «Fitch Ratings» onun reytinq qiymətləndirmə tərəfdaşıdır. «Fitch Ratings» isə hesabatında qeyd edib ki, təhlili bankların özünün yerli və

Mərkəzi Bank
IFRS - «Electronic International Financial Reporting Standards» - Beynəxlalq Maliyyə Hesabatı Standartları, menecerlərin açıqlaması, «Fitch»in özünün qiymətləndirmələri əsasında hazırlayıb.

MƏRKƏZİ BANK HESABAT HAZIRLAYIR

Azərbaycan Mərkəzi Bankının baş direktoru Xaqani Abdullayev bu məsələni AzadlıqRadiosuna şərh edərkən bildirib ki, Mərkəzi Bank «Fitch»in Azərbaycan banklarının vəziyyəti ilə bağlı dedikləri ilə razı deyil:

«Azərbaycan bank sistemi kifayət qədər dayanıqlıdır. Mən bilmirəm ki, «Fitch Ratings» bu məlumatları hansı metodologiya ilə hazırlayıb?! Mərkəzi Bankın rəsmi göstəriciləri stress-testlər vasitəsilə izləyirik və hansısa likvidlik problemi yaranarsa, biz tədbirlər görəcəyik».

Amma «Fitch»in Moskva ofisində maliyyə təşkilatları üzrə direktor Vladimir Markelov «Turan» informasiya agentliyinə bildirib ki, Mərkəzi Bank özünün stress-testlərinin metodologiyasını açıqlamır deyə, onun obyektivliyini qiymətləndirmək çətindir».

«Fitch Ratings»in dünyanın 50-dən çox ölkəsində ofisi var, təşkilat 150-dən çox ölkədə yerli bazarların vəziyyətini öyrənir, dünya kredit bazarını müstəqil araşdırmalarla təchiz edir.