2010-cu il «Ekologiya ili» elan oluna bilər

«Ötən iclasdan sonra bütün ölkə üzrə ağaçəkmə kampaniyası başlamışdı, televiziya da onu işıqlandırırdı. Ancaq bir müddət keçəndən sonra bu, elə bil ki, aradan qalxdı. Yəni bizdə bu xüsusiyyət vardır, nəyəsə böyük şövqlə başlayırıq, Prezidentin göstərişi var, hamı ağac əkir. Bir-iki aydan sonra bu, unudulur. Düzdür, aydındır ki, bu, mövsümlə bağlıdır».

Bunu dövlət başçısı İlham Əliyev 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda deyib. Prezident bu işin kampaniya xarakteri daşımamalı olduğunu qeyd edib. Onun sözlərinə görə, xüsusilə, Bakı-Abşeron ətrafında bu işlərə xüsusi əhəmiyyət verilməlidir.

Dövlət başçısı ekoloji tədbirlərin görülməsini prioritet xarakter daşıdığına görə gələn ilin Azərbaycanda «Ekologiya ili» elan edilməsini təklif edib. İlham Əliyev «Ekologiya ili»ni yüksək səviyyədə keçirmək üçün tezliklə tədbirlər planı hazırlamağı, dövlət büdcəsində bunun öz əksini tapmasını və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıqda bu amilin nəzərə alınmasını tapşırıb.

Prezident neftlə çirklənmiş ərazilərin tezliklə təmizləməli olduğunu da qeyd edib. «Bu proses başlanıb. Bibiheybətdə, deyə bilərəm ki, ən acınacaqlı vəziyyətdə olan sahələrdən biri artıq abadlaşıb, park salınıb. Neftlə çirklənmış sahələrə baxanda adam dəhşətə gəlirdi, oralar fəlakət mənzərəsi idi. Orada artıq park salınıb. Azərbaycanın bu torpağı - Bakıətrafı bütün bölgələrin torpağı təmizlənməlidir, rekultivasiya edilməlidir, neftlə çirklənmiş torpaqlar çıxarılmalıdır, yerinə ağaclar əkilməlidir. Bu, sağlamlıq deməkdir».

İ.Əliyev neftayırma zavodlarının da yenidən qurulmalı olduğunu və neftayırma zavodlarının Bakının mərkəzindən çıxarılmalı olduğunu vurğulayıb. «İndi Bakıda «Qara şəhər» adlandırılan sahə yoxdur. Əvvəllər olub. «Qara şəhər» adlandırılan ərazi indi abadlaşır, parklar, yollar salınır. Neftayırma zavodları şəhərdən çıxarılmalıdır. Ona görə biz bu məsələ ilə çox ciddi məşğul olmalıyıq. Ya gərək mövcud zavodlarda yenidənqurmanı davam etdirək, bu da böyük vəsait tələb edir.Ya da, yeni böyük neftayırma, neft-kimya kompleksinin tikintisinə başlayaq ki, bütün ekoloji standartlara tam cavab versin. Mən hesab edirəm ki, 2010-cu il ərzində biz ciddi qərar qəbul etməliyik».

2009-cu ilin 1-ci rübünə dair keçirilən müşavirədə prezident İlham Əliyev respublikada ağacların kəsilməsini qadağan etmişdi. «Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda yerlər alınır, hasarlanır, sonra oradakı ağaclar kəsilir və orada binalar, yaşayış evləri tikilir», deyə dövlət başçısı bildirmişdi.

Prezident yerli icra orqanlarına, iş adamlarına və öz vəzifəsindən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq etmişdi: «Bunu yığışdırın. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram». /Anspress/