«Niyə siz Türkiyədə təhqir olunan Azərbaycan bayraqlarından danışmırsınız?»

Parlamentin növbəti iclasında bayraq məsələsi müzakirə olunub

Milli Məclisin (MM) payız sessiyasının növbəti iclası başlayıb. APA-nın xəbərinə görə, iclasda cari məsələlərin müzakirəsi zamanı Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlər səslənib.

Parlamentin vitse-spikeri Bahar Muradova çıxışında bildirib ki, Bakıdakı Şəhidlər Xiyabanında Türkiyə bayraqlarının götürülməsi ilə bağlı ajiotaj yaratmaq lazım deyil: «Bu, qanun çərçivəsində həyata keçirilib. Əslində «Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında» qanun qüvvəyə minən kimi icra olunmalı idi».

Millət vəkili İkram İsrafil isə deyib ki, Azərbaycanla Türkiyə arasında yaranan gərginliyə son qoymaq üçün Bakının işğaldan azad olunduğu günü - sentyabrın 15-ni «Türkiyə- Azərbaycan dostluğu günü» elan etmək lazımdır.

Deputat İqbal Ağazadə təklif edib ki, Türkiyə bayrağı Azərbaycanda ən yüksək yerdən asılmalıdır: «Türkiyə bayraqlarının götürülməsi düşmənə rəvac verər».

MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov Bakıdakı Türk Şəhidliyindən Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağının da götürüldüyünü xatırladıb: «Niyə siz Türkiyədə təhqir olunan Azərbaycan bayraqlarından danışmırsınız? Mən bayrağımızı o vəziyyətdə görəndə özümü təhqir olunmuş saydım. Biz istəyirik ki, Türkiyə yetkililəri Azərbaycanın milli maraqlarını nəzərə alsınlar».

MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN