Caz festivalı Bakıda bayram ovqatı yaratdımı?

Bakı Beynəlxalq Caz Festivalı, 2007

21-27 oktyabrda gerçəkləşən növbəti Bakı Beynəlxalq Caz Festivalı tarixə qovuşdu. İlk dəfə idi ki, bu festivalı Mədəniyyət və Turizm Nazirliyi keçirirdi.

Caz şənliyi necə keçdi? Bir əsrlik caz ənənəsi olan Bakı bayram ovqatı yaşadımı? Bu suallarla Caz şənliyində adı keçən və keçməyən şəxslərə üz tutduq.

FƏRƏH ƏLİYEVA- CAZ FESTİVALININ TƏŞKİLATÇISI:


Bakı Caz Festivalının çox gözəl ənənəsi var. Təəssüf ki, keçən il festival keçirilmədi. Elə bu il də festivalın gerçəkləşməsi sual altında idi. Ona görə də, Mədəniyyət və Turizm Nazirliyi bu qərara gəldi ki, festival mütləq keçirilməlidir. Bu il Montroda bizim böyük qələbəmiz olub (İsfar Sarabskinin bu festivalda qələbəsi nəzərdə tutulur -S.İ.) Bu qələbədən sonra Bakıda Caz Festivalının düzənlənməməsi qəbahət olardı. Bu il festivala maraqlı qruplar gəlmişdi. Elə formatı da ənənəvi caz festivalından fərqlənirdi. Ən əsası odur ki, biz Montrodan gələn sevinc hislərini yaşadan festivalı gerçəkləşdirə bildik. Festivala maraq böyük idi. Zənglər çox olurdu. Bu marağı nəzərə alıb, media nümayəndələri üçün festivala sərbəst giriş də etmişdik. Zənnimcə, bütün musiqi tədbirləri maraqlı və yüksək səviyyədə təşkil olunmuşdu. Dövlət Televiziyası ilə Caz festivalın operativ gündəliyi gedirdi. Bu və başqa səbəbdən festivalı izləyə bilməyənlər videoyazısına baxa bilərdilər. Şəhərdə caz havası duyulmağına gəldikdə, deyə bilərəm ki, bir həftə boyunca şəhərin müxtəlif məkanlarında konsertlər keçirdik - Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində, Aktyor Evində, Rus Dram Teatrında. Məkanları seçərkən auditoriyanı da nəzərə almışdıq. Konsertlərin keçirildiyi yerlərdə söhbətlər, danışıqlar, ünsiyyət də yetərincə idi. Əvvəllər Caz Festivalları yay aylarında baş tutduğundan, açıq hava konsertləri də olurdu. Oktyabr ayı olduğundan, havadan çəkinib açıq hava konsertlərindən qaçdıq. Çünki bir dəfə Bakıda caz festivalında belə bir problem yaşanmışdı…

CƏMİL ƏMİROV – «SAVAB» QRUPUNUN RƏHBƏRİ:

Musiqiçilər üçün, cazsevərlər üçün bu, təbii ki, bayram oldu. Çünki hər il Bakıda Caz Festivalının keçirilməsinə adət etmişdik. İnşallah, bundan sonra fasilə yaranmaz. Mən şəxsən bu festivalı özüm üçün bayram hesab elədim. Məncə, cazsevənlər üçün də belə oldu. Çox gözəl musiqiçilər gəlmişdi. Branford Marsalisi, Rişard Bonanı görmək, elə bayram idi. Mən Mədəniyyət və Turizm Nazirliyinə təşkilatçılıq üçün təşəkkür edirəm. Çox lazımlı və savab iş görüblər. Bilirsiniz, mənim fikrimcə paytaxtda cazsevənlər elə də çoxluqda deyillər. O azsaylı dinləyicilər üçün də, bu festival bayram oldu. Caz intellektual sənətdir. Onu hər adam başa düşmür. Əsas odur ki, cazsevənlər, cavanlar bu festivala qatıldılar.

RÖVŞƏN SƏNANOĞLU - CAZ TƏNQİDÇİSİ:

Mənim fikrimcə, bu festivalda silsilə konsertlər oldu, festival ovqatı hiss olunmadı, festival mühiti yaranmadı. Yaxşı konsertlər oldu, üçündə mən də iştirak etdim. Başqaları mənim üçün maraqlı deyildi. İki il öncə festivalın Təşkilat Komitəsinin üzvü idim. Mətbuatla əlaqələrə cavabdeh idim. O üzdən, bütün konsertlərə qatılırdım. İndi isə sərbəst idim. İstədiyim konsertlərdə oldum. Bəyəndim, amma festival ovqatı yaşamadım. Bakıda açıq hava konserti risklidir. Hava korlandı, konsert ləğv olunmalıdır. Açıq havada ancaq fonoqramla konsert təşkil etmək olar. Festival ovqatı yaratmaq üçün ənənə formalaşmalıdır. Əvvəlcədən hazırlaşmaq və çoxlu pul xərcləmək lazımdır. Bu şərtlər vacibdir.

SALMAN QƏMBƏROV – «BAKUSTIK-JAZZ»QRUPUNUN RƏHBƏRİ:

Bu ilki Caz Festivalı uğurlu keçdi. Çox gözəl, möhtəşəm konsertlər oldu. Məncə, bayram əhval-ruhiyyəsinin yaranması konsertlərin keyfiyyətindən asılıdır. Kim ki, Branford Marsalisin, Guida de Palmanın, Riçard Bonanın konsertində olub, o elə əsl bayramı yaşayıb. Hər ölkədə belə festivallar keçirilmir, axı. Bir nömrəli ulduzlar çıxış etdi, maraqlı proqramlar var idi. Bizim musiqiçilər də çox müxtəlif janrlarda öz ustalıqlarını göstərdilər. Gözəl festival alındı, gözəl də bayram. Kim cazla maraqlanmır, onun üçün bu adi bir gün idi. Öz konsertimdən də çox razıyam. Muğam Mərkəzinin möhtəşəm salonu dolmuşdu. Bizi çox gözəl qarşıladılar. Hindistanın məşhur müğənnisi Vasumati Badrinati və Əmir əl Səffar da bizə qoşuldular. Xanım Badrinati Cənubi Hindistanda - Bombeydə yaşayır, öz üslubu olan bir müğənnidir. Əmir əl Səffar ABŞ vətəndaşıdır. İraq əsillidir. Həm trubada, həm santurda çaldı, hətta bir-iki ağız muğamat da oxudu.