Aytəkin İmranova: «Vətən» kinoteatrı artıq tarixi abidə deyil!»

Aytəkin İmranova

Bakının tarixi-mədəniyyət abidələri yenə müzakirə mövzusuna çevrilib. İslam, Demokratiya və İnsan Haqları Mərkəzinin keçirdiyi dəyirmi masaya toplaşanlar şəhər mərkəzindəki bir çox abidə binaların indiki durumundan narazılıqlarını dilə gətiriblər.

«Bakı şəhərində rəsmi dövlət siyahılarına daxil edilmiş tarixi və mədəniyyət abidələrinin mövcud vəziyyətinin monitorinqi, yeni hazırlanan dövlət siyahılarının analizi» adlanan dəyirmi masada çıxış edən layihə rəhbəri Aytəkin İmranova bir çox mətləblərə aydınlıq gətirməyə çalışıb.

ŞƏHƏR MƏRKƏZİ NİYƏ YERLİ ƏHƏMİYYƏTLİ OLSUN?

Layihə rəhbərinin sözlərinə görə, ötən il Nazirlər Kabinetinin tapşırığı ilə Bakı şəhərindəki Mədəniyyət abidələrinin siyahısı hazırlanıb və ekspertlərə paylanılıb. Tarixi abidələr 3 qrupa bölünüb: dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli.

Bu bölgüyə əsasən, şəhərin mərkəzindəki binalar yerli əhəmiyyətli hesab olunub. Aytəkin İmranova bu bölgü ilə bağlı dəfələrlə sorğu göndərdiklərini, hansı ekspert rəyinə əsaslandıqlarını, hansı elmi araşdırmaya dayanıb şəhərin tarixi mərkəzini yerli əhəmiyyətli saydıqlarını öyrənməyə çalışıb. Cavab ala bilməyib. «Çox mübahisəli bölgüdür. Necə ola bilər ki, hər hansı bir bölgədə yerləşən bir abidə ölkə əhəmiyyətli olsun, paytaxtın mərkəzində XIX-XX əsrlərdə memarlar - Qoslavskinin, Ploşkonun, Zivər bəy Əhmədbəyovun ucaltdığı binalar yerli? Bu hansı məntiqə sığır?»

TARİXİ MƏRKƏZ QORUQ SAYILMALIDIR

Layihə rəhbərinin bildirdiyinə görə, bu memarlıq abidələrini də, eynən İçərişəhər kimi qoruq elan etmək lazım idi. Ancaq orda torpaq və evlər get-gedə bahalaşdığından, bəzi işbazlar və məmurlar bu əraziyə can atmağa başladılar. Nəticədə, həm mədəniyyət abidəsi sayılan binalar məhv oldu, həm də yaşıllıqlar. «Bu işlər indi də davam edir, özü də böyük sürətlə. Nizami, Səməd Vurğun və M.Ə. Rəsulzadə küçələrində».

TARİXİ BİNALARI «QƏZALIDIR» DEYİB SÖKÜRLƏR

A.İmranova hətta dövlət siyahısında olan binaların bəzilərinin qəzalı vəziyyətdə damğası vurularaq söküldüyünə də diqqət çəkdi: «Bu, birbaşa qanun pozuntusudur. O binaların ünvanları qalır, yerində isə yeni binalar ucaldılır…»

BƏRPA, YOXSA YENİDƏNQURMA?

Layihə rəhbəri son vaxtlar şəhərdə tüğyan edən bərpa işlərinə də toxundu. Bərpa ilə yenidənqurmanın fərqinə vardı. «Bərpa nədir-yenidənqurma nədir? Bu «bərpa»dan sonra bina-abidədən heç nə qalmır. Onu memarlıq incisi edən elementlər yoxa çıxır».
Tarixi Bakının binalarını bəzəyən heykəllərdən də danışan A.İmranova bərpadan sonra bu heykəllərin yenisi ilə əvəzləndiyini də iddia etdi: «Özüm Torqovıdan keçəndə yanbayan düzülən heykəllərin şahidi olmuşam. «Bərpa» adıyla abidələrin xarici görünüşü də təhrif olunur”

İŞİ QEYRİ-PEŞƏKARLAR GÖRÜR!

A.İmranova bu işləri qeyri-peşəkarların gördüyünə də diqqət çəkdi. Orda çalışanlarla söhbətdən məlum olub ki, Neft şirkətinin törəmə şirkətləri bu işə cəlb olunublar: «Vətən» kino-teatrını götürək. Orda biz maydan bəri monitorinq aparırıq. Qazdılar-tökdülər. 100 ildən çox yaşı olan binanın hörgüdən daşınacan çıxardılar. Təzədən müasir plitələr döşədilər. Bəs, hər dövrə məxsus materiallar var axı? Bərpa bahalı işdir. Laboratoriyalar işləməlidir onun üstündə illərcə. Mənim fikrimcə, Nizami-77-dəki dövlət tərəfindən qorunan «Vətən» kinoteatrı artıq tarixi abidə deyil! O fundamental bina idi və belə «bərpa»ya ehtiyacı yox idi».

NİYƏ BÜDCƏDƏN BU QƏDƏR VƏSAİT AYRILIR?

İslam, Demokratiya və İnsan haqları Mərkəzinin sədri A.İmranova bir məsələyə də diqqəti çəkdi. Onun fikrincə, büdcədən bu sahəyə ayrılan vəsait həddindən artıqdır. «Təmir-tikinti işlərinə ayrılan 30-40 faiz vəsait istehsala yönəlsəydi, ölkə daha çox qazanardı».

İCTİMAİYYƏT ŞƏHƏRİN TALEYİNƏ BİGANƏ OLMAMALIDIR

Dəyirmi Masada iştirak edən İnsan haqları təşkilatlarının təmsilçiləri, ekoloqlar, hüquqşünaslar çıxış edib şəhərin indiki durumu ilə bağlı fikirlərini bildiriblər. Abidələrin qorunması və bərpası işinə diqqəti gücləndirmənin önəmindən danışıblar. Şəhəri qorumağa hər bir şəhərlinin cəlb olunmasını arzulayıblar.