Nazir deyir ki, çörəyin qiyməti aşağı salınmalıdır

Kənd təsərrüfatı naziri İsmət Abbasov

Azərbaycanda çörəyin satış qiymətinin aşağı salınmasına zərurət yaranıb.

Bunu oktyabrın 30-da keçirdiyi mətbuat konfransında kənd təsərrüfatı naziri İsmət Abbasov deyib.

Nazir bildirib ki, həm ölkədə taxıl istehsalı artıb, həm də dünya bazarlarında taxılın satış qiyməti aşağı düşüb:

«Bu il taxılın satış qiyməti təxminən 2 dəfə ucuzlaşıb. Bu da çörəyin qiymətinin aşağı salınmasına stimul verir. Hesab edirəm ki, sahibkarlar bu məsələyə baxmalıdırlar».

İ.Abasov deyib ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində xüsusi araşdırmalar aparılır və qiymətin aşağı salınması sahibkarların zərərinə olmayacaq.

Bu il Azərbaycanda 2.1 mln. tondan artıq ərzaq buğdası istehsal olunub. APA