Partlayışda təqsirləndirilən fəhlə son söz deməkdən imtina edib

Oktyabrın 30-da Nizami rayon Məhkəməsində Bakının Naxçıvanski küçəsi, 34 saylı binasında baş vermiş partlayışda təqsirli bilinən Elman Niftəliyevin və Rəşad Şıxməmmədovun məhkəməsi davam edib.

Hakim Ziya Əliyev təqsirləndirilən Elman Niftəliyevə son söz deməyi təklif edib.

Təqsirləndirilən şəxs isə son söz demək hüququndan imtina edib. O bildirib ki, binadakı partlayışda özünü təqsirli bilmir, ona görə də deməyə sözü yoxdur.

Bir gün əvvəl çıxış etmiş dövlət ittihamçısı məhkəmədən Elman Niftəliyevə 8 il 6 ay, Rəşad Şıxməmmədova isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Vəkillərsə ittihamların məhkəmədə sübuta yetirilmədiyini bildirərək hakimdən təqsirləndirilən şəxslərə bəraət verilməsini xahiş ediblər.

Noyabrın 2-də məhkəmənin hökmü elan olunacaq.