Əfqanıstan prezidenti Həmid Kərzai növbəti dəfə Əfqanıstanı beş il müddətinə idarə etmək haqqı qazanıb. O buna prezident seçkilərində əsas rəqibi olan Abdulla Abdullanın seçkilərin ikinci turundan geri çəkilməsindən sonra nail olub.
ABŞ prezidentinin administrasiyasından bildiriblər ki, prezident Barak Obama Kərzai ilə işləməyə hazırdır.
Əfqanıstanın sabiq xarici işlər naziri Abdulla Abdulla seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün irəli sürdüyü şərtlərin yerinə yetirilmədiyini əsas gətirərək şənbə günü namizədliyini geri götürüb.
Amerika və Britaniya hökuməti bildiriblər ki, yalnız bir namizədin iştirak edəcəyi seçkilərin ikinci turunu keçirib-keçirməmək artıq Əfqanıstan hökumətinin öz işidir.