Başıbəlalı Salyan bazarı

Salyan bazarı

Salyan bazarında alver edənlər bazarın əsas giriş qapısının qarşısında tikilmiş ticarət obyektinin sökülməsini tələb edirlər. Onlar ticarət obyektinin həm satıcılara, həm də alıcılara bazara giriş-çıxışda narahatçılıq yaratdığını deyirlər.

Salyan Sənaye Yarmarkasının müdiri Fizuli Həsənov deyir ki, bu ticarət obyektləri 2004-cü ildə tikilib. Həmin ildən başlayaraq əvvəlcə bazarın qarşısındakı ayrı-ayrı şəxslərə məxsus ticarət obyektləri sökülüb. Sonra bu söküntü işləri bazarın ərazisinə sirayət edib.

F.Həsənov deyir ki, ərazidəki söküntü və tikinti işləri keçmiş bələdiyyə sədri Vaqif Hüseynovluqdur. Vaqif Hüseynov bu işlərə bələdiyyə sədri vəzifəsində işləyərkən qol qoyub:

«BİZİ ALDATDILAR»

Fizuli Həsənov: «Dedilər ki, burda guya park salınacaq. Guya dövlət əhəmiyyətlidir, vətəndaşlara başqa yerdə torpaq verəcəklər. Onun əvəzinə Vaqif Hüseynov özü üçün həmin ərazidə mağazalar tikdirdi. 11 nəfərin şəxsi mağazasını sökdürdü. Bu obyektləri tikdirəndən sonra bazarın bütün yolları bağlandı».
F.Həsənovun sözlərinə görə, keçmiş bələdiyyə sədri zəbt etdiyi ərazini qaynı Şahin Ağalarovun adına sənədləşdirib.

«BİR ƏTƏK PUL TÖKMÜŞƏM, OBYEKTİMİ QAYTARIN!»

Obyekti sökülənlərdən biri Salyan rayon sakini Bəybala Manafovdur. Onun sözlərinə görə, illərlə işlətdiyi obyektini gözləri qarşısında söküblər:

«2002-ci ildə 20 milyon dəyərində olan obyektim heç bir məhkəmənin qərarı olmadan, qanunsuz yolla söküldü. Dəfələrlə də məhkəməyə, yuxarı orqanlara müraciət elədik, heç bir tədbir görülmədi».

Digər şikayətçi isə Salyan sakini Yusif Həsənovdur:

«Obyektim var idi, «Fujifilm». Vaqif Hüseynov onu sökdürdü. Demişdi sənə yer verəcəyəm, getdim yanına, dedi ki, Neftçalaya gedən yolun üstündə ağaclıq var, 25 min ver, oranı verim sənə. Mən buna boyun olmadım. İndi heç bir yerim yoxdur, icarədə oturmuşam».

Salyan bazarı Rayon İstehlak Cəmiyyətinə məxsusdur. Cəmiyyətin sədri İbrahim Tağıyev deyir ki, rayonun kolxoz bazarı üçün torpaq sahəsi 1984-cü ildə keçmiş Rayon İcraiyyə Komitəsinin qərarı ilə ayrılıb. Həmin ildə rayondakı Yük Avtomobilləri Stansiyası ləğv edilib və onun ərazisindən kolxoz bazarının tikintisi üçün 70 sot torpaq sahəsi ayrılaraq Rayon İstehlak Cəmiyyətinə verilib. Bazarın tikintisinə başlanıb və 1988-ci ildə istifadəyə verilib. 2002-ci ildən başlayaraq əvvəlcə bazarın ətrafındakı ticarət obyektlərinin, sonra isə bazarın sahəsi zəbt olunmağa başlanıb:

«İŞLƏRİN BAŞINDA KEÇMİŞ BƏLƏDİYYƏ SƏDRİ DURUR»

İbrahim Tağıyev: «2004-cü ildə keçmiş bələdiyyə sədri Vaqif Hüseynovun təşkilatçılığı ilə orada insanlara məxsus olan obyektlərin hamısı məhkəmənin qərarı olmadan söküldü. Həmin insanlar etiraz səslərini qaldırdılar, ancaq onları müxtəlif vasitələrlə susdurdular. Oranı sökəndən sonra İstehlak Cəmiyyətinə məxsus olan ərazidə tikinti işləri aparıldı. Açığı, bizim gücümüz çatmadı, etiraz səsimizi qaldırmağımıza baxmayaraq, bu adam istədiyini elədi».

«Bir yanğın hadisəsi baş versə, nəinki mallar, insanlar da məhv olacaq. Yol yoxdur»
İ.Tağıyev deyir ki, məsələ ilə bağlı araşdırma apararkən bazarın 14 sot sahəsinin və bazarın qarşısındakı obyektlərin sahəsinin saxta yolla 2002-ci ildə Vaqif Hüseynovun qohumu Şahin Ağalarovun adına sənədləşdirildiyi bəlli olub. Obyektləri əlindən çıxmış adamlar məhkəmələrə müraciət etsələr də, mülkiyyət hüquqlarını bərpa edə bilmirlər:

«İnsanlar nə qədər məhkəmələrə getməlidir? İnsanlar cana doyublar məhkəmələrdən».

Bu yerdə bildirək ki, məhkəmə obyektləri sökülmüş şəxslərin şikayətlərinin heç birini təmin etməyib. Məhkəmə qətnamələrinə görə, həmin ticarət obyektləri ərazidəki yolun genişləndirilməsi ilə əlaqədar söküldüyünə görə şikayətlər əsassızdır. Lakin şikayətçilər məhkəmə qətnamələrini qanunsuz hesab edirlər. Onlar hesab edirlər ki, sahibi olduqları ticarət obyektlərinin yola heç bir maneçiliyi olmayıb. Əgər belə olmasaydı, indi həmin obyektlərin yerində Şahin Ağalarovun adına ticarət obyektləri tikilməzdi.

İ.Tağıyev deyir ki, indi bazarın əsas giriş qapısının qarşısı tikilib, bazarın ərazisində tikinti işləri aparılıb, bununla da infrastruktur pozulub. Bazar bağlanmaq təhlükəsi ilə üzləşib:

«Gələn bazarı bağlayır. İnfrastruktur olmadığına görə orda bir yanğın hadisəsi baş versə, nəinki mallar, insanlar da məhv olacaq. Yol yoxdur. İnsanların alver etməsi üçün şərait yoxdur».

«ADIMA RƏSMİ HEÇ NƏ YOXDUR»

Məsələdə adı hallanan keçmiş bələdiyyə sədri Vaqif Hüseynov isə deyilənlərlə razılaşmır. Deyir ki, mübahisəli sahə ilə bağlı rəsmi sənəd onun yox, qaynı Şahin Ağalarovun adınadır:

«Mənim adım Hüseynov Vaqif Ağaşir oğludur. Mənim adıma hüquqi cəhətdən heç bir şey yoxdur. Ağalarov Şahinin adınadır».

O ki qaldı onun adının məsələdə hallanmasına, Vaqif Hüseynov deyir ki, bələdiyyə seçkilərində namizədliyini irəli sürüb. Buna görə də:

«Ağalarov Şahinlə qohum olduğuma görə seçki ilə əlaqədar məni şərləmək üçün bu söhbətləri edirlər. Mənim adıma orda bir santimetr də torpaq yoxdur».

V.Hüseynov da təsdiqləyir ki, Yük Avtomobilləri Stansiyasının 70 sot sahəsi bazar üçün ayrılıb. Şahin Ağalarovun özəlləşdirdiyi torpaq sahəsinin isə bazarın ərazisinə aidiyyatı yoxdur. Ş.Ağalarov 2002-ci ildə Stansiyanın qalan torpaq sahəsini özəlləşdirib:

«1984-cü ildə həmin bazara torpaq ayrılıb. Yük Avtomobilləri Stansiyasının da qalan ərazisi 2002-ci ildə özəlləşdirilib verilib Ağalarov Şahinə. Bu adamın şəxsi torpağıdır, Dövlət Əmlak Komitəsindən də əlində «kupça»sı var».

ŞAHİN AĞALAROV ƏRAZİNİ HƏRRAC YOLUYLA ALDIĞINI DEYİR

Şahin Ağalarovsa deyir ki, 2002-ci ildə ərazini Yük Avtomobilləri Stansiyasının torpağı kimi Dövlət Əmlak Komitəsindən hərrac yolu ilə alıb:

«Qabağında dükanlar var idi, bazarın idi. Sonra «Nəqliyyatservis»dən gəldilər, onların hamısını sökdülər. Onun qabağında da biz dükanları tikdik».

Onun sözlərinə görə, əvvəlki ticarət obyektləri yolun ortasına çıxdığına görə onları söküblər:

«Asfaltın ortasından 26 metr kənarda olmalıdır. Biz kənarda tikmişik».

Keçmiş bələdiyyə sədri Vaqif Hüseynovsa bazarın qarşısındakı ticarət obyektlərinin sökülməsinə belə münasibət bildirdi:

«Mağazalar yolun kənarında olub. Sonra yol genişləndi. Həmin o mağazaları yola mane olduğuna görə sökdülər».

O ki qaldı bazarda hər hansı fövqəladə hadisə baş verərsə insanların təhlükəsizliyinə, Vaqif Hüseynov Rayon İstehlak Cəmiyyətinin sədrinə məsləhət görür ki:

«Sök dükanların birini, yanğın üçün yol elə».

Ərazidə adına rəsmi olaraq bir santimetr sahənin olmadığını deyən keçmiş bələdiyyə sədri sonda təklif etdi ki:

«Bazarın ərazisi yerindədi, gəlib ölçsünlər, biçsinlər. Polisə, məhkəməyə niyə şikayət edirlər. Yuxarıda Allah var, əgər mən onların torpaqlarına girmişəmsə».