Bu dəfə piyadalar cərimə olunacaq

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin təhlükəsizlik aylığı

«Diqqət! Piyada!» Bu deviz altında Bakı şəhər Dövlət Yol Polis İdarəsi noyabrın 16-dan təhlükəsizlik həftəsinə başlayır. Bu barədə AzadlıqRadiosuna məlumat verən Respublika Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ərəstun Məcidovun sözlərinə görə, aksiya əsasən piyadalara yönəlib:

«Tez-tez piyadalar yolu nəzərdə tutulmayan hissədən keçirlər, nəqliyyatın hərəkətinə maneə yaradırlar».

Bu aksiya çərçivəsində yol-hərəkət qaydalarını pozan piyadalar inzibati məsuliyyətə cəlb olunacaqlar. Ərəstun Məcidov deyir ki, onlar yol-hərəkət qaydalarını ciddi şəkildə pozan piyadalara həm də kadrlar göstərəcəklər:

«Bunun üçün xüsusi avadanlıq quraşdırılmış mikroavtobus ayrılıb. Qaydanı pozan piyadaların 15-16 nəfəri bu avtobusa mindiriləcək və onlara piyadaların üzləşdiyi qəzalarla bağlı sənədli kadrlar göstəriləcək. Ümid edirik ki, yol-hərəkət qaydasını pozması nəticəsində piyadanın üzləşə biləcəyi halları görəndən sonra adamlar daha diqqətli olacaqlar».