«Bu gün ərzaq böhranı daha təhlükəli böhran üçün xəbərdarlıqdır»

«Dünyanın çox yerində su qıtlığı yaranır. Kənd təsərrüfatı üçün yararlı olan torpaqlar isə quraqlaşır»

Ötən il ərzağın qiymətindəki sürətlə bahalanma və bunun ərzaq böhranına səbəb olması çoxlarını yadındadır. Noyabrın 16-da Romada aclıqla mübarizəylə bağlı üç günlük sammit işinə başlayıb.

Sammitin açılışında iştirak edən BMT-nin baş katibi Ban Ki Mun ərzaq böhranı nəticəsində milyonlarla ailənin yoxsullaşdığını və aclıqla üz-üzə qaldığını bildirib. Ban Ki Mun deyib ki, böhrandan əziyyət çəkənlərə dərhal yardım fəlakətdən yan keçməyə imkan verib. BMT-nin baş katibi onu da deyib ki, böhranın əsasında dayanan problemlər yenə də qalmaqdadır. Təcili tədbirlər görülməsə, yeni böhran qaçılmaz olacaq.

«Bu gün ərzaq böhranı sabah daha təhlükəli böhran üçün xəbərdarlıqdır. Planetin əhalisi 9,1 milyarda çatacaq. Bu indikindən 2 milyard çoxdur. İnsanlar artdıqca iqlim də dəyişir. 2050-ci ilə qədər dünya əhalisini yedirtmək üçün 70 faiz daha çox ərzaq istehsal olunmalıdır. Hava isə getdikcə daha çox sərtləşir. Dünyanın çox yerində su qıtlığı yaranır. Kənd təsərrüfatı üçün yararlı olan torpaqlar isə quraqlaşır».

Ərzaq çatışmazlığı, aclıq məsələləri ətrafında müzakirələr ötən ilki böhrandan sonda başlayıb. Ərzaq çatışmazlığı ucbatından Afrika və Asiyanın bir çox ölkələrində qiyamlar baş verib. Dünya ölkələri əhalisi üçün ərzaq ehtiyatı toplamağa başlayıb.

İyul ayında Böyük Səkkizliyin liderləri İtaliyada bir araya gələndə aclığa qarşı mübarizə məqsədilə növbəti 3 ildə 20 milyard dollar vəsait ayırmağa söz veriblər. Həmin səkkizlik liderlərindən budəfəki sammitdə yalnız biri - İtaliyanın baş naziri Silvio Berluskoni iştirak edib.

Sammit iştirakçılarının əksəriyyəti isə yardıma ehtiyacı olan Afrika və Latın Amerikası ölkələri rəhbərləridir. O cümlədən Liviyanın prezidenti Müammar Qəddafi və Zimbabve lideri Rober Muqabe.

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının rəhbəri Jak Dyuf deyib ki, indiki sammitin tərkibi onu göstərir ki, ərzaq təhlükəsizliyi artıq dünyanın gündəliyindən çıxmağa başlayıb.

«Təəssüf ki, başqa məsələlərə dünyanın gündəliyinə çıxdıqca bu cür problemlər arxa plana keçir. Baxmayaraq ki, keçən ilki böhrana səbəb olmuş qara buludlar yenidən göy üzünü almağa başlayıb».

Humanitar təşkilatlar üçün bu sammitin özü belə ümidsizlik yaradır. Ərzaq və kənd təsərrüfatı təşkilatı hər il kənd təsərrüfatı yardımı üçün 44 milyard dollara ehtiyac olduğunu bildirsə də sammitin yekun bəyannaməsində konkret heç bir məbləğ göstərilməyib. Hətta BMT-nin 2025-ci ilə qədər pis qidalanmanı aradan qaldırmağı planlaşdırdığı halda sammitin yekun sənədinin layihəsində yalnız aclığı mümkün qədər tez aradan qaldırmaq öhdəliyi yer alıb. Burda da konkret tarix göstərilməyib.

Azərbaycanda isə yarıac adamların statistikası qeydə alınmır. Ölkədə yoxsulluğun səviyyəsinin isə 14 faizə endiyi rəsmən bildirilir. İqtisadçılar deyirlər ki, bu, əhalinin 1 milyon 600 min nəfərinin aclıq təhlükəsi ilə üz-üzə qalması deməkdir. Ancaq qeyri-rəsmi bu rəqəmin 2 milyondan artıq olduğu bildirilir.