Bunu «İşdən sonra» verilişində «Azərbaycan» qəzetinin iqtisadiyyat şöbəsinin müdiri Raqif Məmmədov dedi. Ölkənin rəsmi dövlət qəzeti «Azərbaycan» son illər Bakıda tikilib istifadəyə verilmiş çoxmərtəbəli binaların qazsızlıq problemi haqda geniş yazı dərc edib. Raqif Məmmədovun qələmə aldığı «Hamını bəzər, özü lüt gəzər» başlıqlı yazıda deyilir ki, neçə ildir bu problemi həll etmək istəyən tapılmır. «Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı isə Raqif Məmmədovun mövqeyini qərəzli sayır: «Sadəcə olaraq anlamaq lazımdır ki, biz qanun tərəfindəyik, həmişə vətəndaşlarımızın təhlükəsizliyini qorumaq istəyərdik. Hündürmərtəbəli binalar tikilirsə, texniki təhlükəsizlik baxımından bütün qaydalara riayət olunursa, ora niyə təbii qaz verməyək? Heç bir problem yoxdur. Bu mənada mən «Azəriqaz»ın adının bu qədər hallanmasını qərəzli başa düşürəm. Dövlət komissiyası binanı qəbul etsin, bütün texniki təhlükəsizlik qaydalarına riayət olunsun, biz də qazı verək. Burada nə problem var ki?». |