Gədəbəydə beş kəndin bir-biri ilə əlaqəsi tam kəsilib

150 min manata başa gələn körpü selin qabağında duruş gətirə bilməyib

Gədəbəyin 5 kəndinin bir-biri ilə əlaqəsi tam kəsilib. Bu kəndləri birləşdirən Cəfərli körpüsünü selin yuyub aparmasından isə 5 ay keçir. Rayon Memarlıq və Tikinti şöbəsinin direktoru deyir ki, bu körpü fövqəladə hadisədən cəmi bir il əvvəl istifadəyə verilib və onun inşası üçün təxminən 150 min manat pul xərclənib. Sakinlər körpünün təmir olunmamasının onların yaşayışlarını ağırlaşdırdığını deyirlər.

«Sel gəldi körpünü apardı. Kənd nümayəndəsi icra hakimiyyəti gəlib bir az işləyir çıxıb gedir. Hardasa 4 ay var. Burda kəndlərlə əlaqə kəsilib. Çöldəki sahəmizə bu körpü ilə gedirdik. Ot gətirməyə indi başqa bir yol açıblar, o da bərbad haldadır. Bir belə kənd qalıb burda yolsuz baxan da yoxdur. Bir az kartof var idi onu da sel yudu apardı».

LAZIMİ QURUMLAR KÖRPÜNÜ DÜZƏLTMƏK FİKRİNDƏ DEYİL

Gədəbəyin Daryurd kəndinin sakini 70 yaşlı Cavanşir deyir ki, bu qədər əhali yolsuz qalıb əziyyət çəksə də aidiyyatı qurumlar körpünü düzəltmək fikrində deyillər. İcra hakimiyyətindən və kənd bələdiyyəsindən kəndlilərə deyilib ki, körpünü özünüz düzəldin.

«- Hələ də ötürə-ötürə bir azdan sonra qar yağacaq əlaqə tam kəsiləcək düzəltmirlər. Bəs niyə düzəltmirlər?;
- Özümüz bir az işləyirik o da gücümüz çatmır.
- İcra hakimiyyəti deyir özünüz düzəldin üstünü panelini qaldırmağa kömək edərik. Bəs bunun üçün maşın lazımdır sement lazımdı. Camaatda da vəziyyət pisdir;

-Hökumət səviyyəsində iş getməsə, kənddə maşın yox, traktor yox, kran yox hamısı texnikadır bu kənddən o kəndə getməyə 15-20 manat pul istəyirlər. Vəsait də çatışmır. Ona görə də beləcə qalır işlər.
- Bəs tələb eləmirsiz?
- Neçə səfər? Dəfələrlə… səhər də qar yağacaq yol kəsiləcək əgər bu kənddə ölən olsa təcili yardım maşını gələ bilməyəcək…»

ZƏRƏRÇƏKƏNLƏRƏ YADIM EDƏN YOXDUR…

Kəndlilərin dediyinə görə indiyədək nə qədər təbiət hadisəsi baş versə də, onlara dəyən maddi ziyan ödənilmir. Fövqəladə Hallar Nazirliyinin zərərçəkmişləri siyahıya alması və yardım etməsi barədə ancaq televizordan eşidirlər.

«- Heç bir şey ödənilmir heç xəbər alan olmur. Maraqlanan olmayıb...
- Bəs deyirlər siyahıya alıblar ki, kimə nə qədər ziyan dəyib?
- Bəlkə də alıblar biz bilmirik».

Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev isə deyir ki, əhaliyə dəyən ziyan ödənilir. O ki qaldı körpünün təmirinə bunun üçün vəsait ayrılmayıb: «Təxminən 4300 dənə şifer göndərilib paylayırıq. Hələ təsərrüfata dəyən ziyana görə heç nə verilməyib».

Bu ilin iyun ayında Gədəbəyə yağan güclü yağışın sel suları 8 kəndlə əlaqə yaradan 5 kəndi birləşdirən körpünü uçurub. Cəfərli Körpüsü uçduğundan bu kəndlərin bir biri ilə əlaqəsi tam kəsilib. Hadisədən bir neçə gün sonra aidiyyatı qurumlar əhaliyə dəyən ziyanın müəyyənləşdirildiyini və maddi ziyanın ödəniləcəyini desələr də, sakinlər onlara heç bir yardım verilmədiyini deyirlər.