«İqtisadi nöqteyi-nəzərdən media 99 faiz hakimiyyətin nəzarəti altındadır. İqtisadi durum belədir ki, bizim mətbuat öz-özünü dolanda bilmir. Şərait süni şəkildə yaradılır. KİV-lər qeyri-leqal yollarla maliyyələşdirilir. Bu da mətbuatın öz əsas funksiyasını həyata keçirməsinin qarşısını alır».
Bu fikri «İşdən sonra»da «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev söyləyib.
«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid isə deyir ki, amma Azərbaycanda qəzet açmaqdan asan iş yoxdur:
«Ən fərqli baxışları olan insanların da qəzet açması və çap etdirməsi elə bir problem deyil. Problem iqtisadi məsələlərdədir. Bizim medianın vəziyyəti ölkənin iqtisadi inkişafına adekvat deyil. İqtisadiyyat bumu olan ölkədə reklam bazarı da normal olmalıydı və qəzetlər normal şəkildə inkişaf etməliydi».
Mehman Əliyev bu məsələdə həmkarı ilə razılaşmır:
«Reklam bazarı və ümumiyyətlə, medianını vəziyyəti tam bizim iqtisadiyyatın inkişafına adekvatdır. İxracımızın 95 faizi neftin payına düşür. Qeyri-neft sektoru da çox zəif vəziyyətdədir. Reklam daşıyıcıları da əlbəttə ki, qeyri-neft sektorudur - kiçik və orta sahibkarlardır. Dövlət Neft Şirkəti reklam verən deyil. Bizim iqtisadiyyatımız qapalı, qara iqtisadiyyatdır. Qara iqtisadiyyat olan yerdə reklam ola bilməz, çünki hamı çalışır gizli fəaliyyət göstərsin, özünü göstərməsin. Bu, obyektiv problemdir. Subyektiv problem ondan ibarətdir ki, hakimiyyətin bu istiqamətdə xüsusi siyasəti var. 1998-ci ildə Azərbaycanda siyasi senzura götürüləndən sonra iqtisadi senzura başladı. Bu, süni yaradılan vəziyyətdir. 1998-ci ilə qədər neftdən gələn pullarımız xeyli az idi, ancaq qəzetlər kifayət qədər yaxşı satılırdı. Hətta tiraj hesabına xeyli qəzetlər yaşayırdı...». |