Bu dəfə müstəntiq barəsində cinayət işi başlanıb

Baş Prokurorluqda müstəntiq barəsində cinayət işi başlanıb

Qusar Rayon Prokurorluğunun böyük müstəntiqi barəsində cinayət işi başlanıb. Bu barədə Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Məlumatda bildirilir ki, Qusar rayon Prokurorluğunun böyük müstəntiqi Ələmşah Şükürov prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi»nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 25 noyabr 2009-cu il tarixli əmrlə rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ə. Şükürov xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməklə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib, bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanıb və hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq aparılır. APA