«Müşfiq orda ağır xəstə, bizim də gözümüz yollarda qalıb…»

«Bizim Yol» qəzetinin həbsdə olan müxbiri Müşfiq Hüseynovun ailəsi

«Hər gün, hər bayram gözləyirik ki, çıxacaq. İndi 2 il 4 aydır ki, həbsdədir. Ümidlə gözləyirik ki, bəlkə xəstəliyinə görə buraxalar, çünki indi vəziyyəti çox pisdir. Mən də qalmışam belə. Öz vəziyyətimi heç bir anaya arzulamıram. Təsəvvür edirsiniz, iki uşaqla, işləməyən ana. Uşaqlardan biri xəstədir. Onun üçün 50 manat pensiya alıram. Çox çətindir, çox...»

«UŞAQLAR NƏSƏ İSTƏYƏNDƏ ÜRƏYİM DÜŞÜR»

Öz ağır vəziyyətini heç kimə arzulamayan bu qadın «Bizim Yol» qəzetinin həbsdə olan müxbiri Müşfiq Hüseynovun həyat yoldaşı Arzu Hüseynovadır. Vərəm xəstəsi olan həyat yoldaşının səhhəti bu günlərdə daha da ağırlaşandan sonra dərdi-səri birə-beş artıb. 4 yaş yarımlıq oğlu ikinci qrup əlildir. Kiçik oğlu 2 yaşındadır. Özü işləmir, yaxınlarının köməyinə möhtacdır. Bizimlə Saatlıdan, atasının evindən danışır:

«Uşaqların istədiyini ala bilmirəm. İstəyəndə deyirəm səhər alacağam. Səhər də elə eləyirəm ki, yadından çıxsın, o oyuncağı istəməsin. Tək oyuncaq deyil ki. Yemək, paltar da elə. Ayda 50 manat pul alıram, dərmanına, müalicəsinə ayda 49 manat verirəm. Həkimin də pulun kəsirəm. Aptekdən iki dərman alıram, 49 manat pul verirəm. 50 manatdan 49-u dərmana getdi. 1 manatım qalır. Onun üstünə 2 manat qoyub həkimə gedib-gəlmək üçün yol pulu eləyirəm. Əlimdə heç nə qalmır. Uşağın yeməyinə görə mən artıq kimdənsə pul istəməliyəm. Bu vəziyyəti heç kimə arzulamıram».

«DAHA UŞAQLARI ALDADA DA BİLMİRƏM»

Arzu Hüseynova deyir ki, həyat yoldaşından onun yanına gedib-gələn qaynı vasitəsiylə xəbər tutur. Özü həbsxanaya axırıncı dəfə mart ayında gedib:

«Ondan sonra getməmişəm. Axırıncı dəfə oradan gələndən sonra böyük uşaq çox ağladı. Deyirdi atamın yanında qalmaq istəyirdim, evə gəlmək istəmirdi. Uşaq da bilmir ki, ora haradır. Atasının harada olduğunu bilmir, demişəm ki, atan başqa yerdədir. Soruşur ki, atam nə vaxt gələcək, deyirəm nə vaxt gələcəyin deməyib. Bir də görəcəyik ki, gəlib. Əvvəl deyirdim ki, sabah gələcək. Sabah açılan kimi deyirdi ki, ana, bəs niyə atam gəlmədi. Ona görə deyə bilmirəm ki, sabah gələcək, yoxsa bir ay sonra. Əvvəl aldadırdım, görürdüm ki, pis olur. Özü də xəstə uşaqdır. Ona görə daha aldatmıram. Deyirəm ki, nə vaxt sizə oyuncaq alacaq, onda gələcək evimizə. İndi uşaqlar da onu gözləyir ki, nə vaxt oyuncaq alacaq onda gələcək».

«ÖZÜM ÜÇÜNSƏ HEÇ NƏ UYDURA BİLMİRƏM»

Arzu Hüseynova deyir ki, Müşfiq cəzaçəkmə yerində müalicə olunsa da, müalicəsi
nəticə vermir. «Uşaqlarımı atan oyuncaq alandan sonra gələcək deyib aldadıram, özüm üçün isə heç nə uydura bilmirəm» – deyir Arzu. «Bir ona ümid edirəm ki, bəlkə xəstəliyini nəzərə alıb buraxdılar...»

Müşfiq Hüseynov 2008-ci ilin yanvarın 21-də Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) maddəsi ilə həbs olunub. 6 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi cəza müddətini 1 il azaldıb.

2009-cu ilin may ayında isə Əzizbəyov rayon məhkəməsi onun cəzasının qalan hissəsindən azad edilməsi haqqında müraciətini təmin etməyib. Hüquq müdafiəçiləri deyirlər ki, o ağır xəstəliyi ilə bağlı Cinayət Məcəlləsinin 78-ci maddəsinə və Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə əsasən cəzasının qalan hissəsindən azad edilə bilər.