Berluskoni yazıçıları boğmaq istərdi

Italiyanın baş naziri Silvio Berluskoni deyib ki, o, mafiya haqqında kitab yazan, yaxud film çəkən insanları “boğmaq istərdi”. (Frans-press)

Berluskoni bunu rəhbərlik etdiyi “Froza İtalia” Partiyasının gənc tərəfdarları qarşısında çıxış edərkən bildirib.

“Əgər öyrənsəm ki, mafiya haqda yazılan və İtaliyanın bütün dünyada imicini korlamış kitabları kim yazıb, “Sprut” filmini kim çəkib, söz verirəm ki, onları boğacam”.

“Sprut” filmi İtaliyadakı mafiya haqda filmdir və RAİ ictimai televiziyasında 1984-2001-ci illər arasında nümayiş olunub (sonradan Azərbaycanda da bu film populyarlıq qazanıb).

Berluskoni onun mafiya ilə əlaqəsinin olması haqda yerli mətbuatda yazılanları da təkzib edib. Bir neçə italyan qəzeti onun mafiyanın 1992-93-cü illərdə həyata keçirdiyi bomba partlayışları ilə mümkün bağlılığı haqda məlumatlar dərc edib.