Herkel: «Novruzəli Məmmədov hadisəsi təkrarlanmasın»

Avropa Şurası Parlament Assamblyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel

«Bu il Azərbaycanda bir dəfə oxşar hadisə baş verib, vətənə xəyanətdə ittiham olunan Novruzəli Məmmədov həbsxanada vəfat edib və bu çox kədərli hadisədir. Odur ki, Müşfiq Hüseynovun səhhətinə həssas yanaşmaq lazımdır ki, bu hadisə təkrarlanmasın».

Bunu AzadlıqRadiosuna müsahibəsində Avropa Şurası Parlament Assamblyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel həbsdəki jurnalist Müşfiq Hüseynov haqqında deyib.

Yaxınları deyirlər ki, jurnalist Müşfiq Hüseynovun səhhəti kəskin pisləşib, temperaturu 38 dərəcədən aşağı düşmür. Jurnalist vərəm xəstəliyindən əziyyət çəkir. Onu 2007-ci ilin iyulunda zorla pul tələb etməkdə ittiham edib, beş il müddətinə azadlıqdan məhrum ediblər.

Andres Herkel deyir ki, Müşfiq Hüseynovun səhhəti ilə yaxından maraqlanacaq:

«Dünyanın hər yerində jurnalistlər həssas təbəqə sayılır. Xüsusilə də əgər onlar həbsdədirlərsə. Bunu nəzərə almaq lazımdır. Jurnalistə tibbi yardım göstərilməlidir».

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rafael Mehdiyev dekabrın 2-də «Turan» agentliyinə müsahibəsində bildirib ki, Müşfiq Hüseynovun səhhətinin pisləşməsi ilə bağlı narahatlıq üçün heç bir əsas yoxdur.

Bacısı Dilbər Qasımova isə AzadlıqRadiosuna deyib ki, Müşfiq bu xəbərdən sonra evə zəng vurub deyib ki, vəziyyəti əslində çox ağırdır və idarə rəisi düzgün demir.