Ərdoğanın ABŞ-a rəsmi səfəri başlayır

Dekabrın 6-da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfəri başlayır

Dekabrın 6-da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfəri başlayır. Onun səfər zamanı Birləşmiş Ştatlar prezidenti Barak Obamayla görüşü planlaşdırılır.

Ərdoğanın səfərini şərh edən «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, baş nazir ölkəsinin regionda bir gücə çevrilməsi üçün ABŞ-dan siyasi dəstək almaq niyyətindədir:

«Türkiyə Qafqazda, Yaxın Şərqdə öz rolunu gücləndirmək istəyir. Çalışır ki, ABŞ onun bu siyasətini dəstəkləsin və Ankara bu dəstəyi alacaq».

Ərəstun Orucluya görə, baş nazirlə prezidentin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə predmeti olacaq. Ancaq ekspert hesab edir ki, Türkiyə bu münaqişənin yaxın vaxtlarda həlliylə bağlı nikbin bəyanat səsləndirə bilməyəcək.