Nazir müavini müzakirələrin çox mürəkkəb olduğunu deyir

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov

Azərbaycan və Ermənistan prezidentləri bu il artıq altı dəfə görüşüblər. Ümumilikdə isə, demək olar ki, hər ay iki ölkə nümayəndələri arasında görüşlər olur. Bu, danışıqlarda bir dinamikadır.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Turanın danışıqlar prosesi ilə bağlı sualının cavabında bildirib.

Eyni zamanda o bildirib ki, Azərbaycan müzakirələrdən vaxt öldürülməsi üçün istifadə edilməsinə qarşı çıxır.

Nazir müavini Turanın «danışıqlarda irəliləyiş nədən ibarətdir?» sualının cavabında deyib ki, hazırda prezidentlər səviyyəsində əsas prinsiplər müzakirə olunur

Yaxın zamanda həmsədrlərin regiona səfəri və yeni təkliflərin tərəflərə təqdim edilməsi gözlənilir. «Yeni təkliflərin hazırlanması da bir növ irəliləyişdir», deyə Əzimov bildirib. Eyni zamanda, o, müzakirələrin çox mürəkkəb olduğunu etiraf edib.

Əzimov hesab edir ki, yeni təkliflər mahiyyətcə hamıya aydındır. «Əhali öz torpaqlarına qayıtmalıdır, bunun üçün torpaqlar azad edilməli və ərazi bütövlüyü bərpa edilməlidir. Əhali qayıtmayınca əməkdaşlıq qurula bilməz, əməkdaşlıq qurulmayınca isə sülh ola bilməz. Sülh olmasa, hər-hansı status məsələsi müzakirə edilə bilməz», deyə nazir müavini qeyd edib.

Onun fikrincə, həmsədrlərin vəzifəsi çox mürəkkəbdir. «Hələ ki, həmsədrlərin qarşısında mürəkkəb vəzifələr durur. Çünki tərəflərin hələ ki, bir çox məsələlərə baxışlarında fərqlər var. Burada ümumi məxrəc ərazi bütövlüyüdür. Bu prinsip əsasında təcrübəyə əsaslanaraq, siyasi çeviklik nümayiş etdirməklə müvafiq özünüidatretmə modeli işləmək mümkündür. Ermənistan da bu mövqeyə gəlməlidir», Əzimov belə hesab edir.

Türkiyə baş nazirinin Vaşinqton görüşlərinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesinə təsirləri barədə suala cavabda Əzimov deyib: «Hesab edirik ki, Türkiyənin baş naziri həm Türkiyənin, həm də Azərbaycanın milli maraqlarını nəzərə alaraq, Azərbyacan-Türkiyə ortaq mövqeyindən çıxış edərək, regiounun əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Vaşinqton tərəfindən ciddi addımların atılmasını istəyəcək».

A.Əzimov Türkiyə-Ermənistan məsələsinin də Vaşinqtonda müzakirə ediləcəyini güman edir. «Azərbaycan hesab edir ki, bu müzakirələr Türkiyə prezidenti və baş nazirinin «Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkündür» bəyanatlarına əsaslanacaq».