Fransa öz ədəbiyyatını “Google” kitabxanasına verməyəcək

World -- Google logo

Fransa prezidenti Nikola Sarkozi deyib ki, o, ölkəsinin ədəbi irsinin Amerikadan olan “dost” şirkət tərəfindən ələ keçirilməsinə imkan verməyəcək.

Sarkozi “Google”un adını çəkməsə də, məlumdur ki, Fransa Amerikanın “Google” şirkətinin İnternetdə yaratdığı kitabxanaya fransız dilli ədəbiyyatın yerləşdirilməsinin əleyhinədir və özünün milli rəqəmsal layihəsini həyata keçirmək istəyir. (Röyters)

Sarkozi deyib: “Biz nəhəng bir şirkətin maraqları naminə öz irsimizdən məhrum olmaq istəmirik.

Biz əsrlərdir fransız dilində yaradılan irsdən maliyyə çatışmazlığı ucbatından məhrum olmaq istəmirik”.

Prezident bunları ölkənin şərqində keçirilən ictimai müzakirələr zamanı bildirib. Hökumət gələn il dövlət büdəcindən fransız ədəbiyyatının rəqəmsallaşdırılması layihəsinə strateji proyektlərdən biri olaraq kredit ayırmağı planlaşdırır.

“Google” şirkəti skanerdən çıxarılmış və elektron kitablardan ibarət nəhəng kitabxana yaratmağı planlaşdırır. Bu onun Amerikanın Müəlliflər Gildiyası ilə əldə etdiyi razılaşmanın bir hissəsidir.

Bir çoxları bunu qlobal miqyasda böyük kütlələrin kitablara əlyetərliliyini artıracaq bir addım kimi alqışlasa da, müəlliflik hüququ və başqa səbəblərdən layihəni tənqid edənlər də var.