«Qarabağ münaqişəsi nə NATO, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində həll oluna bilməz». «Qafqaz Qovşağı» verilişində çıxış edən politoloq Zərdüşt Əlizadə belə deyir. «Türkiyə ilə Yunanıstan təcrübəsi göstərdi ki, NATO alyans üzvləri arasındakı münaqişəyə qarışmır. İki xalq özü bir yol tapıb razılaşmalıdır. Razılığa birinci növbədə Ermənistan və Azərbaycanda qeyri-sağlam milli düşüncə və böyük dövlətlərin geosiyasi, iqtisadi maraqları mane olur. Bu dövlətlər Cənubi Qafqazı ippodroma çevirib, orada atlarını çapır və xalqlarımızın maraqlarını tapdayırlar. Nə NATO, nə KTMT Azərbaycanın təhlükəsizliyini təmin edə bilər, biz ermənilərlə razılaşmalıyıq». Verilişə Ermənistandan qoşulan müstəqil ekspert Qaqik Avakyan isə hesab edir ki, KTMT üzvlərinin maraqlarına yox, onu «uyduranların» maraqlarına xidmət edir: «KTMT-nin nə olduğunu hələ ki, heç kim anlamır. Eyni ilə MDB və GUAM kimi. KTMT özünü heç cür göstərməyib və perspektivdə də yoxdur ki, nə vaxtsa onu uyduranların yox, üzvlərinin xeyrinə işləyəcək. Azərbaycanla münasibətlər təbii ki, lazımdır, ancaq bu mənzərənin bir hissəsidir. Cənubi Qafqazda əsl təhlükəsizlik üçün fəaliyyətdə olan bütün üzvlər arasında əlaqə olmalıdır – bu, Azərbaycan, Gürcüstan, Ermənistan, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağdır. Yalnız Qafqazın təhlükəsizlik sistemini yaradandan sonra daha maraqlı və nüfuzlu təhlükəsizlik sisteminə qoşulmaq olar». Gürcüstanın Geosiyasi Tədqiqatlar Mərkəzinin direktoru Tenqiz Pxaladze isə əksinə, deyir ki, NATO nəinki konkret problemlərin həlli vasitəsidir, həm də dövlətin təhlükəsizlik səviyyəsinin təminatçısıdır: «NATO nəinki hərbi blokdur, bu, həyat tərzidir, demokratik sistemidir. Gürcüstan Qərbə doğru inkişaf və standart yolunu tutub. Gürcüstan NATO-ya hansısa elit klubun üzvü olmaq üçün can atmır, sadəcə, Gürcüstan öz dövlətçiliyi üçün münasib bildiyi standartlarla yaşamaq istəyir»... |