Toni Blerin azərbaycanlı qurbanları: “90.000 funt-sterlinqi xeyriyyəyə ver”

Cənab Əliyev o qədər repressivdir ki, dissidentlər onun atasının hakimiyyətinə qızıl azadlıq dövrü kimi baxırlar.

Bu yazı Böyük Britaniyanın Daily Telegraph qəzetinin internet versiyasında Nick Meo və Robert Mendickin imzasıyla dərc olunub
Britaniyanın keçmiş baş naziri Toni Bler Azərbaycana səfər etdi, ölkə prezidenti ilə görüşdü, multi-milyonçu olan biznesmenin metanol fabrikinə baş çəkdi.
Bu səfər ölkə rəhbərləri üçün bir çevriliş idi. Blerin məşhur diş ağartmağı dövlət televiziyasıyla bütün ölkəyə yayıldı, kiçik və neftlə zəngin ölkəyə.

“BU, ÇİRKLİ PULDUR”

İndi Britaniyanın müxalifət qrupları və deputatları məsələ qaldırıblar, deyirlər ki, Blerin bu ölkəyə səfər etmək haqqı var, ancaq insan haqları pozuntularını tənqid edə bilərdi, eləmədi. Onlar təklif edirlər ki, Blerin çıxışı üçün aldığı pul da xeyriyyə məqsədilə xərclənsin.

Bu ilin əvvəlində Barak Obamanın seçki kampaniyasının rəhbəri Devid Plaf da Azərbaycanda nitq söylədiyinə görə sərt tənqid olundu. Onun səfəri də Blerinki kimi Vaşinqtonda bir agentlik tərəfindən təşkil olunmuşdu. Tənqid nəticəsində, Plaf aldığı pulu regionda demokratiyanı təbliğ edən bir qrupa verməyə razılaşdı.

Leyboristlər Partiyasından deputat, 1990-cı illərin ortalarında Blerin seçki kampaniyasına kömək edən Piter Kifoyl deyir:

“O, ən azından aldığı pulu insan haqları sahəsində çalışan bir təşkilata verə bilər. O, insan haqlarını biabırcasına pozan ölkədən qazanc götürməməlidir. Azərbaycanlılar, onların insan haqlarına münasibəti barədə çox tənqidlər var.”

Liberal Demokrat Partiyasından deputat, Toni Bleri baş nazirlikdən gedəndən sonra qazandığı böyük məbləğlərə görə tənqid edən Norman Beykersə deyir:
“Bu, çirkli puldur. Britaniya baş nazirinin bütün dünyanı gəzib pul yığması özünü alçaltmaqdır. Əgər onda zərrə qədər əxlaq, özünəhörmət varsa, gərək bu pulu xeyriyyəçiliyə xərcləsin. ”

“ONUN SƏFƏRİ BİZƏ ZƏRBƏ OLDU”

Həbsdə təkadamlıq kamerada yatan tanınmış jurnalist Eynulla Fətullayevin atası deyir ki, televizorda cənab Bleri görəndə ümid edib ki, oğlu barədə bir söz eşidəcək.

Ancaq eşitməyib, nə oğlu, nə də həbsdə yatan qalan 60 siyasi məhbus barədə. Əvəzində cənab Bler hava barədə zarafat edib, 185 milyon funt-sterlinq qiyməti olan zavodu, onun məhsullarını tərifləyib. O, Azərbaycanda siyasi repressiyalar, biznes sahəsindəki korrupsiya barədə bircə söz də eşitməyib.
59 yaşlı Emin Fətullayev sual edir: “Toni Bler niyə gəlmişdi? Bu səfər bizə daha bir zərbə - rejimin təbliğatı oldu. Hökumət elə bil ki, onu göstərib deyirdi: “Baxın görün kim bizimlə yanaşı durur.”

“O, Azərbaycan xalqını, bizim demokratiya hərəkatımızı dəstəkləməyə gəlməmişdi. O, avtoritar hökumət, diktatorları dəstəkləməyə gəlmişdi. ”
Amnesty İnternational-ın Böyük Britaniya üzrə direktoru Tim Hankok deyir: “Biz, jurnalistlərin qorxudulması, döyülməsi, gördükləri işə görə həbs olunmasına dair xəbərlərdən çox narahatıq. Eynulla Fətullayev hakimiyyəti tənqid etdiyinə görə uydurma ittihamlarla səkkiz il yarım cəza alıb.”

BLER NİYƏ GƏLMİŞDİ?

Toni Bler Azərbaycana bu il dekabrın 1-də metanol zavodunun açılışı münasibətilə gəlmişdi. Onun səfərinin əsas təşəbbüskarı Qaradağda əsası qoyulan metanol zavodunun sahibi məşhur iş adamı Piriyev idi.

Daily Telegraph-da çıxmış yazıda qeyd olunur ki, Piriyev Azərbaycan hökumətinin ABŞ-da əsas lobbiçisi kimi işləyib. Onun oğlu Nəsib hazırda Londonda keçirilən, marta kimi davam edəcək Buta Festivalının təşkilatçısıdır.

Cənab Bler həmçinin prezident İlham Əliyevlə görüşüb. O, 2003-cü ildə, keçmiş kommunist rəhbəri olan atasının ölümündən sonra hakimiyyətə gəlib.

ATASINA RƏHMƏT OXUYURLAR

Cənab Əliyev o qədər repressivdir ki, dissidentlər onun atasının hakimiyyətinə qızıl azadlıq dövrü kimi baxırlar. Cənab Bler prezidentlə məxsusi görüşüb.
Azərbaycanda müxalifət partiyaları təqib olunur, seçkilər ədalətli keçirilmir, hökuməti tənqid edən istənilən adam işdən çıxarıla bilər.

Əfsanəvi neft gəlirləri ailənin hakimiyyətini daha da gücləndirib. 1997-ci ildən 2008-ci iləcən istehsal dörd dəfə artıb - günə 875.000 barelə çatıb.
Azərbaycanlılar şikayətlənirlər ki, neft biznesi Qərb dövlətlərinin elə bil ki, ağzını bağlayıb, onlar siyasi islahatlar barədə az danışırlar. Neft biznesində ən çox investisiya payı olan Britaniya insan haqları barədə danışmamağa görə pis ad çıxarıb.

Ancaq Britaniyada Eynulla Fətullayevə dəstək də yox deyil. Amnesti İnternational məktubyazma kampaniyası keçirib və onun atası bizə birmərtəbəli evinin divarlarını bəzəyən məktubları göstərir.

O, DEMOKRATİK LİDER KİMİ GƏLMƏMİŞDİ

Toni Blerin səfərindən dilxor olan daha bir ata 56 yaşlı Hikmət Hacızadədir. Onun oğlu Adnan xaricdən biri 12.000 funt-sterlinqə eşşəklərin alınmasını tənqid edən klipi YouTube-da yayıb. Bundan az sonra bu gənc döyülüb, polisə müraciət edəndə isə onun özünü “xuliqanlıq” ittihamıyla tutublar.
Jurnalistlər mətbuat konfransında Toni Blerə bu barədə sual verəndə keçmiş baş nazir bircə onu deyib ki, ölkəsinin Xarici İşlər İdarəsinin bəyanatıyla razılaşır. Bu bəyanat Adnan Hacızadənin və onun dostunun həbsini pisləyirdi.

“Kaş cənab Bler daha güclü bir şey deyəydi. Ancaq o bura biznesmen kimi gəldi, elə deyilmi? O, demokratik lider kimi gəlməmişdi.”

Azərbaycan Transparency İnternational-ın cədvəlində 180 ölkə arasında 143-cü yerdədir, Pakistan aşağıda, Zimbabvedən bir az yuxarıdadır.
Bu ölkəni bürüyən yoxsulluq mərkəz Bakının restoranları, butikləri, Mersedeslər, BMW-lər şütüyən yolları ilə təzad təşkil edir. Neft bumu nəticəsində 2006-cı ildən daha çox şotland olmaqla minlərlə britaniyalı bura axışıb.

Hüquq müdafiəçisi Vüqar Qocayev deyir: “Hakimiyyəti tənqid etsən, həbsə gedirsən. Siyasi müxalifət izi-tozu qalmayıb. İndi qorxu, polis rejimi, KGB metodları işləyir.”

SƏFİRLİKLƏR NƏ DEYİR?

Qocayev deyir ki, ölkənin ikinci böyük investoru Norveçdən fərqli olaraq Britaniya hüquq pozuntuları barədə nadir hallarda danışır.

Norveçin səfiri Yon Ramberq: “Biz uzun-müddətli sabitliyə inanırıq və fikrimizcə, bu, ancaq demokratiya və qanunun aliliyi üzərində qurula bilər.”
Britaniya səfirliyindən qəzetə danışmayıblar. Dissidentlər deyir ki, səfirlik Avropa səfirliklərinin hökumətə təzyiq edəcək qrupuna qoşulmaqdan imtina edib.
Böyük Britaniyada yaşayan Murad Həsənliyə görə, cənab Bler 90.000 funt-sterlinqi siyasi məhbusları məhbəsdən çıxarmağa çalışan vəkillərə, məhbusların ailələrinə kömək məqsədilə verməlidir.

Toni Blerin sözçüsü isə deyir ki “Bu, bir dəfəlik çıxış idi, Vaşinqton Natiqlər Bürosu təşkil eləmişdi. Bunu hökumət təşkil eləməyib. Nə Toni Blerin, nə də Tony Blair Associates-in Azərbaycan prezidenti, hökuməti ilə kommersiya, yaxud ictimai əsaslarla heç bir münasibəti yoxdur.”