6400 manatlıq körpə

7 aylıq körpəni satmaq istəyən dəstənin məhkəməsi başlayıb

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə uşaq alverində təqsirləndirilən İlham Trihudənin, Elman Sadixinin və Zülfiyyə Hüseynovanın məhkəməsi keçirilir.

İttiham aktında göstərilir ki, bu il iyunun 6-da Bakı Dəmiryol Stansiyasının ərazisində Zülfiyyə Hüseynova İlham Trihudə və Elman Sadixi ilə əlbir olaraq 7 aylıq qızını 6.400 manata satmaq istəyib.

Lakin məhkəmədə Zülfiyyə Hüseynova özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ümumi tanışları olan İlham Trihudə və Elman Sadixi onu aldadaraq Dəmiryol Vağzalının ərazisinə gətiriblər. Orada ona məlum olub ki, həmin şəxslər körpəsini naməlum şəxslərə satmaq istəyirlər. Körpəsi əlindən alınarkən aralarında mübahisə yaranıb. Ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq nə baş verdiyi ilə maraqlananda, o, İlham Trihudə ilə Elman Sadixinin körpəni satmaq istədiklərini bildirib. Hər üçü Nəqliyyatda Baş Polis İdarəsinə dəvət olunduqdan sonra həbs ediliblər.

Lakin digər təqsirləndirilən şəxslər Zülfiyyə Hüseynovanın yalan ifadə verdiyini bildiriblər. Onlar məhkəmənin nəzərinə çatdırıblar ki, körpəni satmaq barədə qadınla əvvəlcədən razılığa gəliblər. Dəmiryol ərazisində körpəni 6400 manata əvvəlcədən tanımadıqları bir nəfərə satmaq istəyərkən ərazidə xidmət aparan polis işçiləri təsadüfən bundan xəbər tutublar və onları polisə aparıblar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin dəstə tərəfindən yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri etmək maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi davam edir.