AŞ PA bürosu münaqişə ilə bağlı fəaliyyət istiqamətlərini müzakirə edəcək

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bürosu yanvarda Dağlıq Qarabağ problemi ilə bağlı qurumun fəaliyyət istiqamətlərini müzakirə edəcək. Büro dekabrın 14-də Parisdə keçirdiyi iclasda bu qərara gəlib.

Bu barədə AzadlıqRadiosuna Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib:

«İclasda Dağlıq Qarabağ məsələsini AŞ PA prezidenti gündəmə gətirdi. O, bu barədə büro üzvlərinin fikrini soruşdu. Çıxış edənlərin əksəriyyəti məsələnin gündəmdə saxlanılmasını düzgün hesab etdilər. Mən isə bildirdim ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmayanadək heç vaxt gündəmdən çıxarılmamalıdır. Fikirlərimiz AŞ PA-nın bürosu tərəfindən bəyənildi. Qərara gəlindi ki, AŞ PA-nın Dağlıq Qarabağa dair gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün yanvar sessiyasında büro səviyyəsində bir də bu məsələ müzakirə olunsun».

AŞ PA bürosunun və bəzi komitələrinin Parisdə keçirilən iclasları dekabrın 18-dək davam edəcək.