Gəncədə polis bələdiyyə üzvlüyünə namizədə təzyiq göstərir

Gəncədə polis bələdiyyə üzvlüyünə namizədin yaxınlarına təzyiq göstərir. Bu barədə AzadlıqRadiosuna Müsavat partiyasının Gəncə təşkilatının üzvü Asif Abbasov məlumat verib.

«Mən bələdiyyə seçkilərinə namizədəm. İşimlə əlaqədar Bakıda idim. Evdən zəng edib dedilər ki, sahə müvəkkili atamı dünən axşam saatlarında Kəpəz rayon polisi şöbəsinə aparıb. Şöbənin rəisi ondan tələb edib ki, oğluna de namizədliyini geri götürsün».

Polisdən ehtiyatlandığı üçün səsinin yazılmasını istəməyən Asif Abbasov deyir ki, son vaxtlar naməlum şəxslərdən evlərinə hədələyici zənglər gəlir.

O 2005-ci ilin deputat seçkilərində təbliğat materiallarını təşviqat lövhələrinə yapışdırdığı üçün 4 sutka şöbədə saxlanıldığını da bildirir.

Gəncənin Kəpəz rayon polis şöbəsinin rəisi Elçin Qasımovla telefon əlaqəsi yaratsaq da məsələ münasibətini öyrənə bilmədik. Özümüzü təqdim edəndən sonra rəis dəstəyi asdı.