Kiçik çavuş 5 il azadlıqdan məhrum edildi

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hərbi hissədə əsgərlərə işgəncə verməkdə ittiham olunan kiçik çavuş Zamin Rəhimovu məhkum edib. Zamin Rəhimov Müdafiə Nazirliyinin Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissəsində qulluq edib. Kiçik çavuşa qarşı irəli sürülən ittihamsa ondan ibarət olub ki, o, əsgərlər C.S.-nı (əsgərə qarşı hələ sübuta yetirilməmiş iddialar səsləndiyindən onun adını tam açıqlamırıq) və Şöhrət Gülverdiyevi döyərək onlara süngü bıçağı ilə xəsarət yetirib.

Zamin Rəhimov ittihamları qəbul edib. Lakin məhkəmənin nəzərinə çatdırıb ki, əsgərləri cəzalandırmaqda əsası olub: “Əsgərlərdən eşitdim ki, C.S. başqa əsgərlərlə cinsi əlaqədə olur. Məsələni aydınlaşdırmaq üçün bu il mayın 27-də gecə saat 2 radələrində iki əsgər yoldaşımla nəzarət-buraxılış məntəqəsində növbədə olan C.S.-nin yanına getdik. C. məni inandırmağa çalışdı ki, əsgərlər yalan danışır. Bir-birimizə yumruq zərbələri burandan sonra mən ona hərbi hissədə bir də belə hərəkətlərə yol verməməsini tapşırdım. Növbəti gecə təpik zərbələrinə oyandım. Gördüm ki, məni vuran əsgər Şöhrət Gülverdiyevdir. O, məndən qalxmağımı tələb edirdi. Vurulmağıma etiraz əlaməti olaraq onun belindəki süngünü dartıb çıxartdım. Bu vaxt C.S. da bizə yaxınlaşdı və üstümə atılmaq istəyəndə süngü ilə sinəsinə zərbələr vurdum. Şöhrət Gülverdiyevi isə döydüm”.

Məhkəmədə dindirilmiş C.S. təqsirləndirilən şəxsin ifadəsini təsdiqləyib. O, məhkəmənin nəzərinə çatdırıb ki, Zamin Rəhimov ona təhqiramiz sözlər deyəndən sonra o, bu barədə əsgər Şöhrət Gülverdiyevə şikayətlənib. Növbəti gecə onlar söhbətə son qoymaq üçün birlikdə Zamin Rəhimovun yatdığı yerə gəliblər: “Şöhrət Gülverdiyev Zamin Rəhimovdan nəyə görə bir gün əvvəl məni təhqir etdiyini soruşanda Zamin onun belindəki süngünü çıxararaq mənə hücum etdi, süngü ilə sinəmə zərbələr vurdu”.

Şöhrət Gülverdiyev və C.S. zərərçəkmiş kimi məhkəmədən xahiş ediblər ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun təqsirini bağışladıqları nəzərə alınsın.

Məhkəmə təqsirləndirilən şəxsi 5 il müddətinə azadlıqdan məhrum edib. Lakin məhkəmə C.S-nin həqiqətən də əsgərlərlə cinsi əlaqədə olub-olmadığını araşdırmaq üçün ayrıca qərar çıxarmağı nədənsə lazım bilməyib.