38 səs toplayan namizəd 286 səslə necə qalib gəlib?

Siyahıda 1-ci olanlar rəsmi nəticələrdə adlarını tapa bilmirlər

Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi məlumatda 286 səslə Şəkinin Baş Kəldək kənd bələdiyyəsinə seçkilərdə qalib gələn Vəkil Mustafayev özü 38 səs topladığını deyir. Onun sözlərinə görə, bu məlumatı səslər sayılan zaman əldə edib:

«VALLAH YOX»


«Saat 9 olardı məktəb yoldaşım zəng elədi ki, üçüncü yerdəsən, dedim inanmıram gərək özüm dəqiqləşdirim».

Biz Vəkil Mustafayevlə danışanda o seçildiyinə hələ də dəqiq əmin deyildi. Ona 286 səs topladığını deyəndə isə xeyli təəccübləndi:

- 286 səs?

- İnanırdınızmı bu qədər səs toplayasınız?

- Vallah yox, heç bu barədə fikirləşmirdim də.

Özünün dediyinə görə, o bir məntəqədə 27, digər məntəqədə isə 10 səs toplayıbmış.

TOPLADIĞI SƏSƏ GÖRƏ SİYAHIDA 1-Cİ OLANLAR RƏSMİ NƏTİCƏLƏRDƏ ADLARINI TAPA BİLMİRLƏR

Şəki 115 saylı 2-ci kənd seçki dairəsindən namizədliyini verən Bakıxan Qəribov isə məntəqələrdə elan olunan nəticələrdə ən çox səs toplayan namizəd olduğunu iddia edir. Amma MSK-nın internet səhifəsinə baxanda adını tapa bilməyib:

- Səslər sayıldı, müşahidəçilərin iştirakı ilə səsvermənin nəticələri şifahi şəkildə elan olundu və həmin nəticələrə görə, mən 27 nəfər namizəd arasında birinci yer alaraq seçilmiş sayıldım.

Bakıxan Qəribov deyir ki, bundan sonra məntəqəyə polis müdaxiləsi olunub və heç bir protokol tərtib edilmədən məntəqə nümayəndələri protokolları götürüb DSK-ya gediblər.

Bakıxan Qəribov iddia edir ki, məntəqədə elan olunan nəticələrdə topladığı səslərin sayına görə, 8-ci olan şəxs necəsə birinci olub:

- Mənim 50 yaşım var və indiyə qədər heç vaxt özümü belə təhqir olunmuş hesab etməmişəm.

Bütün bu deyilənlərə adı çəkilən DSK-dan hər hansı münasibət öyrənə bilmədik.

İKİ NƏFƏRƏ 50-60 ARTIQ SƏS YAZILIB


85 saylı Şamaxı DSK-nın Məlhəm və Əngixaran kəndləri üzrə qalib gələn 9 nəfərdən biri olan namizəd Hilal Bəkirova da çoxsaylı təbriklərdən sonra məlum olub ki, adı seçilənlərin siyahısında yoxdur. Hilal Bəkirov deyir ki, onun doqquzluğa düşməsini təsdiq edən rəsmi protokollar əlindədir:

- İki kənd üzrə 144 səs toplamışdım, 2 səs Məlhəm, 142 səs də Əngəxaran kəndindən verilmişdi. Bununla bağlı möhürlənmiş protokolu aldım və həmin sənədlərdə seçilən 9 nəfərdən biri idim.

Hilal Bəkirov iddia edir ki, Məlhəm kəndindən protokolu ona verməyiblər. Dekabrın 24-də isə ona aydın olub ki, həmin siyahıda iki nəfərə seçki günündəki nəticələrdən fərqli olaraq 50-60 artıq səs yazılıb. Bununla da avtomatik olaraq o doqquzluqdan çıxıb.

Şamaxıdan Vəhdət Partiyasının üzvü Akif Soltanov da bələdiyyə seçkilərinin saxtakarlıqla və yuxarıların tapşırığına uyğun keçirildiyini deyir. Akif Soltanov deyir ki, hətta onlarda məlumatlar var ki, bütün məntəqələrdə verilən ümumi səslərin sayı 250-270-dən yuxarı olmasın.

85 saylı Şamaxı seçki dairəsinin katibi Sabir Məmmədov isə hər iki seçki saxtakarlığı barədə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, həmişə uduzan şəxslər seçkidən sonra belə narazılıqlar edirlər:

- Adətən uduzan tərəf öz məğlubiyyətilə barışmır, amma hər şeylə barışmaq lazımdır.

MÜXALİFƏTİN QALİB GƏLDİYİ MƏNTƏQƏLƏR

110 saylı Zaqatala dairə seçki komissiyasının üç məntəqəsində isə səs çoxluğu ilə müxalifət nümayəndələri qalib gəlib. Demokratik İslahatlar Partiyasından olan namizəd Mustafa Mustafayev deyir ki, bir məntəqədə qalib gələn 11 namizəddən 6-sı, digər iki məntəqədə qalib gələn 9 nəfərdən 5-i müxalifətçilərdir.

71 saylı Masallı kənd bələdiyyəsində qalib gəldiklərini iddia edən altı namizəd isə siyahıdan tamamilə çıxarıldıqlarını deyirlər. Bitərəf namizəd Ədalət Əhmədovun sözlərinə görə, beş məntəqədən dördünün protokollarını əldə ediblər, bir protokolu da ATƏT müşahidəçisi götürüb. Bir protokoldan xəbərsiz olsalar da qalan protokollarda altı nəfərin hamısı ən çox səs toplayanlardır. Ədalət Əhmədov deyir ki, səsvermə bitəndən sonra bütün məntəqə sədrləri Boradigah qəsəbəsinin icra nümayəndəsi Nəcməddin Quliyevin otağına yığışıblar.

«MƏNİM SEÇKİYLƏ NƏ İŞİM VAR»

Amma Nəcməddin Quliyev deyilənlərin böhtan olduğunu bildirir:

- Məğlub olan tərəf hər cür böhtana əl atır. Mənim seçkiylə nə işim var. Nəyimə lazımdır kim seçiləcək, kim seçilməyəcək.

64 saylı Sabirabad dairə seçki komissiyasının Şıxsalahlı kənd bələdiyyəsinə namizədliyini irəli sürən Murad Məmmədov isə deyir ki, o, hələ də nəticələri və nə qədər səs toplamalarını öyrənə bilmir. Onun sözlərinə görə, səsvermə başa çatmamış polisin müşayiətilə sayılmayan bülletenlər DSK-ya aparılıb.

64 saylı Sabirabad DSK-nın sədri Şükür İmanov isə həmin namizədləri qərəzlilikdə günahlandırır, belə bir hadisənin baş vermədiyini bildirir:

- Niyə AzadlıqRadiosuna zəng eləməmişdən əvvəl DSK-ya zəng eləmirlər ki, biz məsələni araşdıraq. Bizdə hər hansı saxtakarlıq olmayıb. Deyilənlər yalandır.

Adı çəkilən dairədən daha bir namizəd Bəxtiyar Ələkbərov isə deyir ki, o, 300-dən çox səs topladığı halda adı seçilənlərin siyahısında yoxdur, amma bunun əvəzinə 5 səs toplayan namizəd ən çox səs toplayanlar arasında yer alıb.