Nazirlər niyə mətbuat konfransı keçirmir?

Bir-birinin ardınca düzənlənən mətbuat konfransları keçmişdə qaldı

«Milli təhlükəsizlik naziri, daxili işlər naziri, ədliyyə naziri, baş prokuror, müdafiə naziri. Mən istəyirəm ki, bu nazirlər il ərzində bir neçə dəfə mətbuat konfransı keçirsinlər, mən də orda iştirak edim, onlara sual verib cavab alım».

İSTİSNA HALLAR VƏ EYNİ NAZİRLƏR...

Bu, «Media forum» saytının əməkdaşı İmdad Əlizadənin arzusudur. Həmkarımızı düşündürür ki, görəsən nazirlərimiz ildə ikicə dəfə jurnalistləri başlarına toplasalar, dünya dağılmaz ki? Onun fikrincə, son illər bəzi nazirlər media ilə təmasda olmaq mədəniyyətindən ümumiyyətlə, uzaq düşüblər:

«Jurnalistlər yalnız ona ümid edirlər ki, hansısa tədbirdə nazirlərə yaxınlaşıb sual versinlər. Bu da daha çox bir neçə jurnalistin birlikdə həmin nazirlərə yaxınlaşması zamanı baş tutur. Amma elə nazirlər də var ki, onları hətta illərlə hansısa tədbirlərdə görmək, görəndə isə yaxınlaşıb sual vermək də mümkün olmur».

İmdad Əlizadə bu sırada baş nazir Artur Rəsizadəni, milli təhlükəsizlik naziri Eldar Mahmudovu xüsusilə qeyd edir. Jurnalist deyir ki, yalnız istisna hallarda YAP-ın qərargahında YAP-ın təşəbbüsü ilə hansısa nazirin brifinqi keçirilir. Əksər hallarda həmin brifinqlər eyni nazirlər tərəfindən keçirilir ki, həmkarımın arzuladığı və əsasən güc strukturlarının başında dayanan nazirlər heç vaxt onların sırasında olmur.

MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ NAZİR DEYİL

İmdad Əlizadə deyir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu vaxtaşırı mətbuat konfransı keçirir. Ancaq həmin mətbuat konfranslarında jurnalistlərin əksər sualları cavabsız qalır. Çünki Eldar Sabiroğlu sualları cavablandırmaqda çətinlik çəkir. O, jurnalistin verdiyi hər hansı sualı cavablandırmaq üçün nazirlə məsləhətləşməyə ehtiyac olduğunu deməklə həmin sualın üstündən keçir:

İmdad Əlizadə
«Ona görə də sözsüz ki, nazirin özünün mətbuat konfransı keçirməsi daha yaxşı olardı».

Nazirlərin jurnalistlərlə təmasdan niyə qaçdığını heç nazirlik sözçüləri də tutarlı əsaslandıra bilmirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğludan Səfər Əbiyevin nəyə görə mətbuat konfransı keçirmədiyinə cavab istədik. Nazirlik sözçüsünün cavabı belə oldu: «Səfər Əbiyevin tapşırığı ilə mən mətbuat konfransı keçirirəm və onun tövsiyələrini ictimaiyyətə çatdırıram».

Ancaq jurnalist həmkarımız İmdad Əlizadə deyir ki, jurnalistlər Səfər Əbiyevdən tövsiyə yox, Eldar Sabiroğlunun cavabsız qoyduğu çoxsaylı suallara cavab istəyir. Bunun üçün də nazirin jurnalistlərlə tet-a-tet əyləşməsinə zərurət var. Ən azı, yola saldığımız ildə işğal altında olan torpaqların qaytarılması istiqamətində görülmüş işlər barədə nazirin öz dilindən məlumatlanmaq üçün.

TƏDBİRLƏRDƏ YAXINLAŞIRSINIZ, KİFAYƏTDİR

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovsa hesab edir ki, jurnalistlər daxili işlər naziri Ramil Usubovu adda-budda tədbirlərdə yaxalayıb nəsə soruşa bilirlərsə, bu, kifayət edir: «İstər nazir, istərsə də onun müavinləri, hər hansı bir tədbirdə iştirak edərkən, sizə imkan yaradırlar ki, yaxınlaşın, istədiyiniz sualı verin. Bu günkü mətbuatı götürüb vərəqləsəniz, görərsiniz ki, elə gün yoxdur ki, daxili işlər nazirindən, və yaxud müavinlərindən hansınasa jurnalist yaxınlaşıb sual verməsin».

BÜDCƏDƏKİ KƏSİR VERGİLƏR NAZİRİNİ DƏ DİLİQISA EDİB

Bu il vergilər naziri Fazil Məmmədov da mətbuat konfransı keçirmədi. İqtisadiyyat yazarlarının fikrincə, vergilər nazirini mətbuatdan gen salan amil büdcədəki kəsirdir. «Yeni Müsavat» qəzetinin əməkdaşı Həbibə Abdulla: «Bu il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar üç dəfədən də çox azalıb. Və təbii ki, belə olanda vergilər nazirinə mətbuat qarşısına çıxmağa, hesabat verməyə çətinlik yaranır».

Ancaq jurnalist hesab edir ki, nazirin KİV-dən qaçması vəziyyəti daha da çətinləşdirir: «O gizləndikcə, ictimaiyyətə qapandıqca, söz-söhbətlər daha da artacaq».

UNUDULMUŞ ƏNƏNƏ

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, nazirlərin mətbuat konfransı keçirib-keçirməməsi qanunla tənzimlənmir. Amma:
Rəşid Hacılı
«Hətta qanunda yazıldı, yazılmadı belə, bu, açıqlılıq mədəniyyətinin, demokratik mədəniyyətin tərkib hissəsidir, idarəetmənin əsas funksiyalarının tərkib hissəsidir. Bu, həm də inam məsələsidir. Təəssüf kİ, bu ənənə, bu mədəniyyət Azərbaycanda hələ ki, formalaşmayıb».

Rəşid Hacılı deyir ki, nazirlər mətbuat konfransı keçirmək ənənəsinə 90-cı illərdə daha çox sadiq idilər: «Bir müddət əvvəl bu ənənə bir qədər var idi. 90-cı illərdə bunu daha çox görmək mümkün idi. İndi də bəzən görürsən ki, YAP-ın qərargahında keçirirlər. Bu da ancaq bəzilərinə aiddir. Çoxları isə ümumiyyətlə, qapalıdır».

Rəşid Hacılının fikrincə, bir halda ki, nazirlər KİV-lə ünsiyyətə könüllü getmək istəmirlər, onda: «Qanuniləşdirmək lazımdır ki, bunu etsinlər».

CİDDİ TÖVSİYƏYƏ QEYRİ-CİDDİ YANAŞMA

4 il əvvəl prezident İlham Əliyev, ardınca isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev nazirlərə vaxtaşırı brifinqlər keçirməyi, kütləvi informasiya vasitələri ilə təmasdan qaçmamağı ciddi tövsiyə etdi. Nazirlər tövsiyələrdən ciddi nəticə çıxardılar. Həmin ərəfədə bir-birinin ardınca düzənlənən mətbuat konfransları elə həmin dövrdə də qaldı.