Şikayətlər nədən MSK-ya yetişmir?

Sabirabad rayon sakinləri seçkinin nəticələrinə etiraz olaraq MSK önündə aksiya keçirir, 5 yanvar 2010

«Əvvəlcə biz, ayın 25-də prosedura uyğun olaraq Dariə Seçki Komissiyasına (DSK) poçt vasitəsiylə ərizəylə şikayət etdik. Çünki DSK-nın qapısı bağlı idi. Ayın 26-da isə DSK-nın hərəkətsizliyindən qanuna uyğun olaraq MSK-ya müraciət etdik. Ərizəni MSK-nın binasındakı poçt qutusuna atdıq. Həmin sənədlərin bir nüsxəsini də MSK-a üzvü Almaz Qəhrəmanlıya verdik. İndi məlum olur ki, bizim şikayət itirilib».

Bunu 60 saylı Salyan-Neftçala Seçki Dairəsində Qaraçala bələdiyyəsinə namizədliyini verən Anar Əlizamanlı deyir. Anar Əlizamanlının deməsinə görə, onlar Bakıya gələrək şikayətlərini birbaşa MSK-nın ümumi şöbəsinə təqdim etmək istəsələr də, oradan poçt qutusuna atmağı tövsiyə ediblər. Şikayətlərində də qeyd ediblər ki, protokollar məntəqələrdə yox, dairədə uydurma rəqəmlər əsasında hazırlanıb. Bundan başqa bəzi məntəqələrdə namizədlərlə komissiya üzvlərinin qohumluq əlaqələri olub.

SƏNƏDLƏR YERƏ BATIB, YOXSA GÖYƏ ÇIXIB?


MSK-nın Vətəndaş Həmrəyliyi Partiyasından olan üzvü Almaz Qəhrəmanlı da bu şikayətlərin bir nüsxəsini aldığını təsdiq edir. Ancaq o da qeyd edir ki, bu məsələ ilə bağlı komissiyanın ümumi şöbəsi ilə əlaqə saxlasa da, ona da həmin şikayəti almadıqlarını bildiriblər. Almaz Qəhrəmanlı deyir ki, ona isə yalnız ərizənin sürəti təqdim edildiyindən bu araşdırma üçün kifayət etmir:

«Mən maraqlandım bu şikayət MSK-da qeydiyyatdan keçməyib. Bunlar deyirlər ki, biz sənədləri qutuya salmışıq, onlar da deyir ki, bizə çatmayıb. Mən indi bilmirəm ki, hansı tərəf düz deyir».

MSK-DA SƏNƏD İTƏ BİLMƏZ?

Müsavat partiyası Seçki Departamentinin müdiri Gülağa Aslan
Mərkəzi Seçki Komissiyasında ümumi şöbənin müdiri Elşən Əsgərov isə onlarda sənədlərin itməsini qeyri-mümkün sayır:

«Bizdə heç bir şikayət itə-bata düşə bilməz. Heç vaxt belə bir fakt qeydə alınmayıb».

Elşən Əsgərov 60 saylı Salyan-Neftçala seçki dairəsindən şikayət aldıqlarını deyir. Ancaq o bu şikayətin Anar Əlizamanlıya məxsus olub-olmaması haqda əlavə məlumat vermir. Onun sözlərinə görə, bu barədə informasiyanı yalnız bizə qurumun mətbuat xidməti verə bilər. Gün ərzində dəfələrlə cəhd göstərsək də, Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən də suallarımıza əlavə cavab ala bilmədik. MSK-nın üzvü Almaz Qəhrəmanlı isə deyir ki, ümumi şöbədə 60 saylı dairəyə aid şikayət qeydiyyata düşsə də, onun Anar Əlizamanlıya məxsus şikayətlə heç bir bağlılığı yoxdur.

MSK ŞİKAYƏTLƏRƏ BAXMAQ İSTƏMİR?


Müsavat partiyası Seçki Departamentinin müdiri Gülağa Aslan isə deyir ki, indi MSK yetkililərinin əsas məqsədi gələn şikayətlərə ya mümkün qədər mane olmaq, ya da baxılmadan dairələrə qaytarmaqdır. Gülağa Aslanın sözlərinə görə, dairələrdə bir qayda olaraq onların ərizələrini əlbəəl almaqdan imtina edərək poçtla göndərilməsini tələb edirlər. Sonradan isə vaxtın keçdiyini bəhanə edərək şikayətlərə baxmaqdan imtina edirlər:

«Burda məqsəd ondan ibarətdir ki, heç bir şikayətə baxmaq istəmirlər. Bütün dünyaya da demək istəyirlər ki, bizdə ya şikayət yoxdur, ya da varsa gecikmiş şikayətlərdir».

Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov isə deyir ki, həm seçki qanunvericiliyinə, həm də təlimatlara görə şikayətləri həm birbaşa, həm də poçtla çatdırmaq olar. Onun fikrincə, MSK-nın şikayətləri birbaşa qəbul etməkdən imtina etməsi həm bürokratizmə, həm də araşdırmadan məqsədli şəkildə yayınmağa imkan yaradır. Hafiz Həsənov deyir ki, onsuz da qanunvericilik şikayətlərin verilməsi və araşdırılması üçün o qədər də geniş imkanlar yaratmır. Əlavə bürokratizm isə seçkilərdə ciddi qanun pozuntularının müəyyən edilib aradan qaldırılması imkanlarını heçə endirir.