Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib

Rusiya Xarici İşlər Nazirliyi

Azərbaycanın Rusiyadakı səfirliyi Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin bəyanatları ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.

Bu barədə «APA»ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Notada Azərbaycan tərəfinin Vladimir Jirinovskinin fikirlərindən narazılığı ifadə olunur və bildirilir ki, bu kimi bəyanatlar Azərbaycanla Rusiya arasında mövcud əməkdaşlıq münasibətlərinin səviyyəsinə uyğun gəlmir.

Vladimir Jirinovski Latviya mətbuatına verdiyi açıqlamada Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının zəruriliyini bildirib:

«Dağlıq Qarabağ müstəqilliyini elan eləsə, Rusiya onun müstəqilliyini tanımalıdır».