Dövlət Musiqili Komediya Teatrı ötən ildən bəri verdiyi sözü tutdu. Görkəmli macar bəstəkarı İmri Kalmanın «İddialı qaraçı» operettasını Azərbaycan dilində səsləndirdi.
Bu operetta teatrın rus bölməsində 1993, 1999 və 2000-ci illərdə göstərilmişdi. Azərbaycan bölməsi isə 2008-ci ildən rejissor Faiq Zöhrabovun quruluşunda tamaşanın məşqlərinə başlamışdı. Ancaq tanınmış rejissorun qəfil ölümü hər şeyi yarımçıq qoydu. Teatrın rəhbərliyi xalq artisti, rejissor Cənnət xanım Səlimovanı teatra dəvət etdi. Məşqlər təzədən başladı. Yarımçıq qalmış iş mərhum rejissorun əziz xatirəsinə həsr olundu. Təəssüf ki, operettanın qəhrəmanı olan Pali Racın «Əbədi heç nə yoxdur həyatda. Bir skripkaçı Pali Rac vardı. İndi o da yoxdur həyatda» ariyasında söylədiyi həyat həqiqəti bir daha təsdiqini tapdı...
İmri Kalmanın 1912-ci ildə yazdığı, dünya teatrlarının repertuarını bəzəyən «İddialı qaraçı» operettası baxılmağa dəyərdi. Macar qaraçılarının nəğmələri, rəqsləri, skripka üçün sololar, ən nəhayət, dünyaca məşhur ariyalar adamı heyran edirdi. Əlbisələr çox şıq və dövrün koloritinə uyğundu. Baş rolu - Pali Racı teatrın sönməyən ulduzu xalq artisti Elxan Əhədzadə ifa edirdi. Usta aktyor bu obrazı rus bölməsindəki tamaşada da oynamışdı.
Ramiz Məmmədov, Novruz Qartal, Fərid Əliyev, Nərgiz Kərimova, Ülviyyə Əliyeva, Elçin Həmidov operettanın əsas obrazlarını canlandırırdılar.
Hazırcavab dialoqlar, heç zaman köhnəlməyən əlahəzrət-rəiyyət söhbətləri, atalar-oğullar, sevənlər-sevməyənlər çəkişmələri, üstəlik gözəl musiqi bu bənzərsiz əsərin əbədiyaşarlığına tam təminat verib. Təsadüfi deyil ki, İmri Kalmanın əsərlərinə 2-ci Dünya müharibəsi dövründə Avstriyada yasaq qoyulmuşdu və böyük bəstəkar o üzdən yaşayış yerini dəyişməyə məcbur qalmışdı...
«İddialı qaraçı» operettasını şair Səyavuş Məmmədzadə dilimizə çevirib. Səhnə tərtibatçısı əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu dirijor əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur. Bu tanınmış dirijorun Musiqili Komediya Teatrında ilk işidir.
Bir sözlə, AzadlıqRadiosunun «Can Bakı» proqramı Musiqili Komediya Teatrının yanvarın 15-də göstərdiyi «İddialı qaraçı»sından demək olar ki, razı qaldı. Dekorasiyalar «Arşın mal alan»dakı kimi dəyişkən, dinamik olmasa da, qəhrəmanlar oradakı kimi sevgi qanadlarında uçmasa da, hərdən aktyorların danışığını tutmaq bir az çətin olsa da, iştirakçıların geyimləri gec-gec dəyişsə də (Ülviyyə Əliyeva axıracan bəyaz əlbisədə qaldı) və tamaşa salonundan gələn telefon zəngləri bizi daim yaşadığımız əsrə qaytarsa da -- dünya teatrlarının bu ölməz incisini öz dilimizdə eşitmək qürurverici idi.
Bir də...Tamaşa nə qədər isti olsa da, tamaşa zalı bir o qədər soyuqdu. Hətta fasilədə foyedə satılan qaynar çay da canımızdakı soyuqluğun buzunu əridə bilmədi. Unutmayın, səhnədə oynayan aktyorlardan fərqli olaraq, biz tamaşaçılar hərəkətsiz qalırıq. Lütfən, bu qədər xərc çəkilib səhnəyə qoyduğunuz—ürəyinizi qoyduğunuz bu operettaya belə diskomfortla kölgə salmayın! Lütfən!