Jurnalistin türmə gündəliyi-1

“Çeşmə” satirik qəzetinin redaktoru olmuş Ayaz Əhmədov həbsdə yaşadıqları barədə “Dilim-dilimovun bir aprel tezisləri” adlı kitab yazmışdı. Hər bazar ertəsi 1996-cı ildə işıq üzü görən bu kitabdan ən maraqlı bölümləri təqdim edirik.
Tezis: MÜƏLLİF QARDAŞDAN

Bu kitab nə ssenaridir, nə povest, nə yumor kimi yumor, nə də memuar kimi memuar. Ümumiyyətlə onu hər hansı bədii-publisistik janra aid etməyə tələsməyin.

Diqqətinizə təqdim olunan yazı kütləsindəki hadisələrin əsas qismi mənim fantaziyamın məhsuludur. Amma bu məhsul yazı masası arxasında deyil, fantaziya üçün nəzərdə tutulmayan bir şəraitdə - KQB-nin istintaq təcridxanasında yaranıb.

Şair ehtirasım olsaydı, yazardım ki, “bu kitab ilk dəfə kağız üzərində yox, həyat dəftərimdə yazılıb, təsvir olunan hadisə və olayları yaşamışam”.

Ona görə ərz etmək olar ki, oxuyacağınız tezislərin (əlbəttə əgər hövsələniz çatsa) hamısı real əhvalatlardır.

Hərgah ki çox şey burada ağıla, elementar məntiqə sığmır. Bəlkə elə buna görə onların reallığına inanmağına dəyər? Axı absurdlar diyarı – Yeni Azərbaycanda baş verib...

Bir jurnalist kimi həbsimin ilk günlərindən türmədə apardığım müşahidələri, keçirdiyim hissləri, başıma gələn epizodları qeyd edir, gündəlik aparırdım. Təəssüf ki, məhbəsin müəyyən mərhələsində təcridxana nəzarətçiləri bütün yazılarımı amansızcasına müsadirə etdilər.

Azadlığa çıxandan sonra məhbəs haqqında yazmaq zərurəti yaranarkən yaddaşımın ənginliklərinə müraciət etdim və olduqca qəribə bir təzahürlə rastlaşdım: beynim (və ya onu əvəz edən məhlul) türmə olaylarının yalnız ironik, gülməli parçalarını bərpa edirdi.

Yerdə qalanlar – fəlsəfədi, psixologiyadı, yurisprudensiyadı və s. – harasa qeyb olmuşdu, yaddaşımdan silinmişdi.

Deyim sizə ki, oxşar təzahür mənimlə tələbə vaxtlarımda da baş verib.

O zaman içi telefon nömrələri ilə dolu bloknotumu itirmişdim.

Təsəvvür edin ki, elə ki kiməsə zəng eləmək lazım gəlirdi, yaddaşım yalnız və yalnız qəşəng qılzara məxsus telefonların rəqəmlərini bərpa edir, başqalarının nömrələrini mənə xatırlatmaqdan qəti şəkildə üz döndərirdi.

Yadıma gəlir, bu fenomenin izahı üçün psixologiya fakültəsinin uşaqlarına müraciət edəndə gülüb “Cherchez la Femme” (fr. qadını axtarın) cavabını verdilər.

Kitabın qəribəliklərindən biri də onun yaranma tarixindədir.

Sanki hər şey əlinizdə tutduğunuz yazının işıq üzü görməsinə qarşı yönəlmişdi: rastlaşdığım maddi və mənəvi sıxıntılardan tutmuş dost-tanışlarımın münasibətinə qədər.

“Böyük türmədə”, həbsdə olduğum zaman yazdığım məktubları, məhkəmədə çəkdiyim şəkilləri bir yerə toplamağa çalışdım və gözlənilmədən məlum oldu ki, dünyada bundan müşkül məşğuliyyət yoxdur.

Bir neçə ay səmərəsiz axtarışlardan sonra məhəbbətlə qoruyub saxladığım sonuncu sənədləri də sağa-sola paylayıb türmə həyatını qələmə almaq fikrindən vaz keçəsi oldum.

Qismət ayrı şeymiş: unudurdum ki, tarixin monoton addımları eyni mütəmadiliklə aprel ayından da keçir.

Hər il aprelin ilk günü bəndənizi qəribə bir azar tutur: hoqqabazlıq tutması. Həmin gün mütləq, anam demiş, “bir oyundan çıxmalıyam”, yoxsa özümə yer tapa bilməyəcəyəm.

96-nın apreli bəndənizi Zaqafqaziyada – Moskva şəhərində haqladı. Növbəti dələduzluq xəstəliyi vücudumu bürüdü, ruhum başdan-başa əhlikeflik dumanı ilə örtüldü.

Halımı yüngülləşdirmək üçün tezisləri qələmə aldım və həqiqətən də birnəfəsə yazdığım tezislərdən sonra, necə deyərlər, “kəndimə döndüm”, normal həyat ahənginə qayıtdım.

Lakin narahatçılığım bununla bitmirdi.

İndi də tezislər göz dağı kimi hər gün ovqatımı təlx edir, bütün bunları çap eləmək arzusundan qurtula bilmirdim.

Əvvəl onları daha ürəkaçan günlər üçün saxlamaq, mükəmməl bir yazının əsası kimi istifadə etməyi nəzərdə tuturdum.

Eyni zamanda bəzi tezisləri alman və rus dillərində böyük məmnuniyyətlə çap elədilər. Belə ədalətsizliyə dözmək mümkünsüz idi: rusların və almanların nəyi bizimkilərdən artıqdır?..

Hər şeyi 1996-cı il aprelin birində yaranan bakirə halında, redaktəsiz və düzəlişsiz - əhlikefliyimin məhsulu kimi nəzərinizə çatdırıram.

"Çeşmə"nin video buraxılışından bir kadr
Xahiş edirəm məni nə orijinal görünmək cəhdlərində, nə kiminsə heysiyyatına təcavüzdə, nə kiminləsə haqq-hesab çürütmək istəyində günahlandırasınız.

Oxuyub bəyənsəniz – 176, oxuyub bəyənməsəniz – 177, oxumadan bəyənməsəniz 177 il ömür arzulayıram hamınıza!

Kitabımın səhifələri üzərində dolaşan nəzərlərinizə qüvvət və nur, sistemsiz cəfəng fikirlərimi çözələyən zehninizə təpər diləyirəm.

Ərz etdiyim kimi tezislər real hadisələr üzərində qurulub. Buradakı şəxslərin adlarını olduğu kimi verirəm.

Yalnız KQB mənsubiyyətli qəhrəmanlarımın isimlərini dəyişmişəm ki, bu da dövlət sirləri ilə bağlı bütün dünyada qəbul olunan prinsiplərlə bağlıdır.

Kitabın səbəbkarı – vaxtilə nəşr etdiyim avanfrib qəzetin (bu balaca qəzetə görə böyük bir jandarm maşını 9 ay ərzində məni “ipə-sapa yatızdırmaqla” məşğul oldu) adını da şərtilik pərdəsi ilə örtməyi zəruri saydım.

Belə “igid bəzəyimin” (ehtiyatkarlığımın) isə dünyəvi prinsiplərə heç bir aidiyyatı yoxdur.

Sadəcə olaraq, çər dəymiş qəzetin təkcə adı (hələ müəlliflərin ismini demirəm) dövlət məmurlarımızda elə dəhşətli allergiya yaradır ki, istər-istəməz milyonlarla soydaşımın taleyinin gözəgörünməz tellərini əllərində saxlayan bu Allah bənədələrinin sağlamlığının keşiyində durmaq lazım gəlir.

Söhbətin hansı qəzetdən getdiyini oxucuya çatdırmaq üçün aşağıdakı 3 suflyor karikaturalarını çəkirəm.

Ümid edirəm ki, işarələrimi ariflik dərəcəsindən asılı olmayaraq hər kəs birmənalı qarşılayacaq, ölkəmizdə allergiya xəstəliyinin qarşısınını alınmasında öz rolunu oynayacaq...

Tezis: TERMİNOLOGİYA


Aprel və sentyabr aylarında MTN-nin istintaq təcridxanasında “Artezian”ın iki sayı işıq üzü gördü (qəzetin həyasızlığına bir baxın!) Bu təknüsxə qəzetlərdə təcridxana “SİZOniya”, onun işçiləri isə “əcinnə” adlandırılırdı.

Niyə əcinnə? Qaydalara əsasən məhbuslar nəzarətçilərin adını bilməməli, onlara “tovariş kontrolyor” deyə müraciət etməliydilər.

“Kontrolyor” sözü “Artezian”ın aləmində sanballı sayılmadğından (avtobusda bilet yoxlayanlara da, MTN əməkdaşlarına da eyni sözlə müraciət etmək məntiqə sığışmırdı), rəsmi terminologiyaya dəyişiklik edilmişdi.

Qəzetlərdə təcridxana dəhlizlərindən biri “Nazirlər prospekti” (bu dəhlizlərdəki kameralarda ayrı-ayrı vaxtlarda 6 nazir və onlarla nazir müavini saxlanılıb), nisbətən kiçik başqa bir dəhlizsə “Generallar döngəsi” (burada da 2 general məhbus vardı) adlandırılırdı.

Bundan başqa hər bir nəzarətçiyə fərdi təxəllüs də bəxş edilmişdi. Bu barədə bir qədər sonra. Hələliksə epopeyanın ilk günlərinə müraciət edək.

Tezis: DONUZ BAŞI

Dustaq həyatının öncül sarsıntılarından biri, ayıb olmasın, ayaq yolu ilə bağlıdır.

Ölçüləri mənzilimizdəki rahatlıq otağı ilə eyni olan kameranın küncündəki unitazı görəndə düşündüm ki, yəqin buranın ayrıca yeməkxanası var və qida qəbulu üçün dustaqları hər dəfə ora aparırlar (vaxtilə sovet ordusunun qaupvaxtasında saxlanıldığım zaman belə təcrübə ilə rastlaşmışdım).

Lakin tezliklə məlum oldu ki, ayaq yoluna daha çox bənzəyən bu otaqda ömür keçirməklə yanaşı elə buradaca yemək yeməyə məhkumsan. Eyni otaqda qidanı həm qəbul, həm də bir daha üzr istəyirəm, ixrac etmək məcburiyyəti ilk günlər məni ən çox sarsıdan amil idi.

Təsadüfi deyil ki, növbətçilərin bu günlərdə verdiyi: “Nu, Dilim-dilimov, kak samoçuvstviye?” sualına qaytardığım cavabın əsasında tualet mövzusu dururdu:

- Blaqodaryu vas, çuvstvuyu sebya nastolko xoroşo, naskolko mojet eto sebe pozvolit çelovek, zapertıy v ubornoy.

“İdxal-ixrac” məkanının vahidliyindən doğan aqibətimlə barışmağa bir həftəyə yaxın vaxt tələb olundu.

Hər gün 3 dəfə qapıdakı nəfəsliyin (məhbuslar buna “kormuşka” deyirdilər) qapağı açılır, içəri çörək və çay verirdilər. İlk günlər hücrəmə verilən çörəkdən müxtəlif fiqurlar yapmaqla məşğul idim.

“Günahdır” deyə irad tutan çekistlərin məntiqi məndə təbəssüm doğururdu. Bir verdikləri çörəyə, bir də kameranın küncündəki unitaza baxır: “Çya bı korova mıçala?” deyə köks ötürürdüm (yəni ki gör kim kimə nə deyir).

Məhbəsin üçüncü günü ovcum boyda donuz başı düzəltdim. Bir gözünü çəp qayırmışdım. Çəpgöz donuz fiqurunu çekistlərə göstərib istehza ilə kimə bənzədiyini soruşdum.

Əlbəttə tapa bilmirdilər – onlarda məntiq nə gəzirdi? Və əlbəttə ki provakasion sualımın cavabını onlara açıqlamırdım. Çünki bilsəydilər, dərimə saman təpərdilər (elə indi də açıqlamaq arzum yoxdur.

Dərim durur, saman da, Allaha şükür, bu məmləkətdə heç vaxt defisit olmayıb, minlərlə zatlı şəxsin beynini uğurla əvəz edib...)

Tezis: YUXU QƏNİMİ

Gündüzlər yatmaq məhbusa yasaq edilib. Amma yatağa girməmək şərtilə çarpayıda uzanmaq olar. Uzanıb düşünmək necə? Olar. Bəlkə mən düşünəndə gözlərimi yumuram, gözüaçıq – fikrim dağılır?

Çoxsaylı qadağan sənədlərində dustağın düşünmək hüququ haqqında heç nə yazılmayıb. Odur ki nahardan dərhal sonra bir-iki saat gözümün acısını alırdım. Bilirsiz, dəhşətli rütubət və soyuq, istirahətdən başqa nəyə desəniz yararlı olan çarpayıda gecələr yuxulamağa əsla imkan vermirdi.

Birinci günlər qapıdakı gözlükdən (türmə leksikonunda buna “volçok” deyilir) davranışımı diqqətlə izləyən MTN əməkdaşları mənim bivaxt yuxularımı kifayət qədər sakit qarşılayır, mane olmurdular. Öz dişlərini ilk dəfə martın 5-də göstərdilər, şirincə yuxuma haram qatdılar.

Mərdimazar çekistin kameraya yaxınlaşan addım səsləri mürgü dumanını yarıb şüuruma çatsa da, baldan şirin yuxuma qətiyyən acılıq gətirmirdi. Amma birdən nəfəsliyin açılan qapağının cırıltısı, sonra da kobud erkək bir səs eşidildi:

- Hiiii! Boy! Ə, oğraş yatırsan, ə, sən?!

Yerimdən tələsik qalxıb cavab verdim:

- Nə danışırsan, rəis, yoxlayıram görüm növbədə necə durursuz, sayıqsız, ya yox? Çıxanda məqalə yazacam.

- Ha-ha, məzələnmə, ə. Nə yazassan ki?

- Yazacam ki, MTN-də nəzarətçilər öz xidməti borclarının öhdəsindən məharətlə gəlir, dövlətin onlara verdiyi yüksək maaşı doğruldurlar. Oğuldurlar, çörəyi havayı yeyənlərdən deyillər.

- Həqiqi?

- Bəs necə! Məndən olsaydı, o biriləri demirəm, amma şəxsən sənin məvacibini üç-dörd dəfə artırardım.

- Niyə?

- Sən eyni zamanda vizual nəzarət və XAMLIQ funksiyalarını çox məharətlə özündə cəmləşdirirsən.

Sifətini görməsəm də, araya çökən sükutdan belə qənaətə gəlmək olardı ki, yuxumun qənimi “vizual” və “xamlıq” anlayışlarının mənasına varmağa çalışır. Elə də vara bilmədi, deyəsən. Ola bilər ki, “xam” sözünü “xan” kimi başa düşdü, iddia edib imanımı yandıra bilmərəm.

Elə bircə kəlmə dodağının altında “Yaman çox danışırsan” deyə donquldanıb aralandı.

Axşamadək heç bir irad tutmadı, hərgah ki mürgü cəhdlərimi davam etdirirdim. Axşam isə şam yenəyini paylayarkən mənə əlavə düyü götürməyi təklif etdi.

Tezis: BİR APREL ƏRƏFƏSİNİN MƏRƏKƏSİ

Martin 30-da günortaya yaxın qonşu kameraya təzə sakin gətirdilər. Yaman hay-küyçü idi.

Dəhlizdən hücrəmə gəlib çatan qırıq-qırıq ifadələrdən (bəzən ucadan, bəzənsə alçaqdan danışırdılar) belə aydın olurdu ki, bəyanat vermək istəyir.

Tələb edirdi ki, onun sözləri mətbuata çatdırılsın (bakirə sadəlövhlük! Bu fikir SİZOniya vətəndaşlığını yenicə qəbul edən adamdan başqa heç kimin ağlına gələ bilməzdi). Növbətçilərin istehza ilə dediyi sözləri yaxşı eşitdim:

- Həri! Gözlə, bu dəqiqə! Qonşu otaqda jurnalistimiz də var, gətirey, özünçün konfirensi keçir burda, ha-ha-ha!

Fikir verin, çekist “jurnalistimiz” deyir. Düşündüm ki, bu MTN məni nə vaxtdan özəlləşdirib? Biçarə qonşum isə bir qədər qışqırandan sonra sakitləşdi.

Həmin gün MTN-nin həyətində qaynaq işləri aparılırdı.

Qaynaq qurğusundan ətrafa iyrənc bir texniki qoxu yayılırdı. Kameraların pəncərələri həyətə açıldığından bu qoxu hücrəmin havasına da hakim kəsilmişdi. İydən lap başım ağrımağa başlamışdı.

Qəflətən qonşumun yeni mərəkəsi qopdu. Özü də indiyədək qapıya qışqırırdısa, bu dəfə deyəsən, pəncərəyə qalxıb həyətə hayqırırdı. Sözlərini tam ayırd etmək olurdu:

- Ay camaat, qoymayın, öldürürlər! Zəhərləmək istəyirlər! Mənim adım Tahirdir, Montində N nömrəli mağazanın direktoruyam!

Nəzarətçilər hərəkətə gəldilər, dəhlizdən yüyrək addım səsləri eşidildi. Nəfəsliyi açıb qonşumu sakitləşdirməyə başladılar.

- Alə, noolub, alə, nə kışqırırsan, alə?!

- Məni öldürmək istəyirsiz! Bilirəm kameraya qaz buraxmısız!

- Alə tüş aşşağı, yek-kə kişisən, alə!

- Bilirəm məni zəhərləmək istəyirisiz!

- Alə, kimə lazumsan sən, alə? Tüş aşşağı, az kışqırginən, alə, elə eləmə, karserə aparaq...

Qonşum sakitləşdi. Nahar vaxtı isə onunla nəzarətçi arasında belə bir dialoq baş verdi:

- Gəl bir az xörey yi.

- Özün bir qaşıq al, sonra.

- O nöşün?

- Bəlkə yeməyə zəhər qatmısız?

- Alə, kimə lazumsan sən, alə? Yiyirsən yi, yimirsən, belə iki gözümün ikisi də birdən aydın!

Ayırd edə bilmədim, qonşum nahar götürdü, ya yox, amma bir daha ondan soraq tuta bilmədim. Deyəsən başqa kameraya və ya türməyə keçirmişdilər.

Bu hadisə ona görə yaddaşımda həkk olunub ki, aprelin birinə cəmi 1 gecə qalanda baş verib. Yoxsa belə həngamələrdən SİZOniyada o qədər olurdu ki...

Tezis: BİRAPREL HOQQASI

1 aprel! Təqvimin bu günü istər mənim, istərsə də məni SİZOniyaya gətirən “Artezian” qəzetəsinin taleyindən qızıl zolaqla keçir. İlin 363 gününü aprelin 1-ni səbirsizliklə gözləyər, bu həyat bayramımı böyük təmtəraqla keçirməyə çalışardım.

Hər il məhz bu gündə düçar olduğum xuliqanlıq (əhlikeflik, avantürizm – necə istəyirsiz adlandırın) tutması özünün apogeyinə yetişər və yalnız öz MƏNTİQİ HƏLLİNİ tapandan sonra səngiyərdi (əslində bu barədə keçmiş halda danışmaq metodoloji cəhətdən yanlış olardı, çünki söhbət apardığım mərəzdən hələ ki xilas olmamışam).

“Məntiqi həll” anlayışına isə 50 nəfərlik şöbənin istifadə etdiyi su çəninə “purgen” dərmanının (qarın işlədən məhlul) atılması, kiminsə ölümü haqqında yalançı vərəqə-elanların divara yapışdırılması, Volodya Ulyanovun büstünün kəlləsinə “aerodrom” kepkasının keçirilməsi, saxta bank sənədlərinin müştərilərə paylanması (saymaqla qurtarası deyil) və s. əmələri aid edə bilərsiziniz.

Hazırda isə söhbəti türmə biraprelindən açmaq istəyirəm.

Kamera yoldaşım hay-küy qaldırdığı anlarda biraprel tutması məni möhkəm narahat edirdi.

Qonşumun susması vəziyyətimi bir qədər də ağırlaşdırdı. Öz-özümə nifrət edirdim – aprelin 1-ə bir sutka qalsa da, bu günü nə hoqqadan çıxacağımı müəyyənləşdirə biıməmişdim.

Fantaziyam sahibinə xəyanət edirdi. Onu başa düşmək olardı. Qapalı hücrə mühitində məhbusun özünə məşğuliyyət seçməsi üçün elə də çox alternativ yox idi: ya mütaliə (rusca), ya da mütaliə (azəricə). Amma günün sonuna nəlum oldu ki, həqiqətən zərurət zehni itiləşdirir. Çarə tapılmışdı!

Martın 31-də şam yeməyindən sonra biraprel hoqqasının bütün planı və texniki detalları hazır idi. Mələfəni burub düz ortadan iki qatladım...

(Ardı - gələn bazar ertəsi)