Yerevanda ikinci türk filmləri festivalı keçiriləcək

Qeorgiy Vanyan

Bu il mart ayının sonlarında Yerevanda türk filmləri festivalı keçiriləcək. Bu barədə AzadlıqRadiosuna məlumat verən festivalın təşkilatçısı Qafqaz Sülhyaratma Təşəbbüsü Mərkəzinin direktoru Qeorgiy Vanyanın sözlərinə görə, artıq ikinci dəfə keçirilən festivalın məqsədi erməni auditoriyasını müasir qısametrajlı (sənədli, bədii, annimasiya) filmlər vasitəsiylə qonşu Türkiyənin həyata və problemlərə baxışlarıyla tanış etməkdir.

Georgiy Vanyan deyir ki, festivalın yalnız bir – «Tamaşaçı simpatiyası» nominasiyası olacaq. 3 gün keçirilməsi nəzərdə tutulan festival regionlarda davam edəcək: «Bölgələrdə filmləri sifariş əsasında göstərəcəyik. Artıq Kapan, Noyemberyan, Vanadzordan sifarişlər almışıq».

Hələlik filmlərin seçimi gedir. Vanyan onu da deyir ki, birinci festival qalibinin mükafatı da bu mərasimdə təqdim olunacaq.

Ötən il Yerevanda Azərbaycan filmlərinin də festivalı nəzərdə tutulmuşdu. Ancaq festival keçirilmədi. Georgi Vanyan yalnız festivalın qadağan edildiyini, bu barədə başqa heç nə demək istəmədiyini bildirmişdi.