10-cu sinif şagirdini elektrik cərəyanı vurub

Kürdəmirdə 10-cu sinif şagirdini elektrik cərəyanı vurub.

APA-nın məlumatına görə, hadisə yanvarın 23-də şəhərdəki 1 saylı orta məktəbin həyətində baş verib.

1994-cü il təvəllüdlü İlkin Əzizov yoldaşları ilə məktəbin meydançasında futbol oynayarkən top yaxınlıqdakı ağacın üstünə düşüb.

O topu götürmək üçün ağaca çıxıb. Ərazidən keçən elektrik xətti qırılaraq ağacın üstünə düşdüyündən cərəyan məktəblini vuraraq 3 metr hündürlükdən yerə çırpıb.

Məktəbli ölümcül vəziyyətdə Bakı şəhər 1 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb.

Xəstəyə ağır kəllə-beyin travması, baş və beyin kötüyünün əzilməsi, sol təpə gicgah, sol əl və sağ ayağın yanması diaqnozu qoyulub.

Hazırda onun vəziyyəti ağırdır.

Kürdəmir rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.