Federiko&Cülyetta

Federiko Fellini, 1965

Yanvarın 20-də bizlər şəhidlərimizə ağlayanda, bu «sərsəm, sərsəm,sərsəm dünya» çox böyük bir rejissorun 90 illiyini qeyd edirdi. Elə bilməyin ki, yubileyə o özü də qatılmışdı.Yox! Dahilər çox yaşamır, axı...

Amma az da yaşamamışdı mənim qəhrəmanım. Düz 73 il ömür sürmüşdü. Qədim aforizmə inansaq - dahilər ya az yaşayır, ya kasıb olur, ya da sonsuz olur - üçbucağının yalnız biri onun həyatında gerçəkləşmişdi. Federikonun uşağı olmamışdı...

Qəribə işdir, dahi insanların həyatındakı qadınlar hər zaman ilgi çəkərlər. Federikonu da xatırlayanlar, haqqında yazanlar mütləq onun həyatının qadınını xüsusi vurğulayırlar. Təsadüfə bax ki, o qadının, o böyük aktrisanın adı da Cülyettadır. Elə o üzdən mən bu yazımı «Federiko& Cülyetta» adlandırdım. Elə isə başladıq. Bu dəfəki söhbətimiz ünlü italyan rejissoru Federiko Fellini haqqındadır...

SƏN BU ADI HEÇ EŞİTMİŞDİNMİ?

Bəlkə də, sən bu adı heç eşitməmisən, gənc dost? Amma əksinin olmasını elə istərdim ki! Bizlər - 70-ci illər gəncliyi üçün isə bu ad çox şey deyirdi. Öz adımdan deyim ki, Fellinini çox sevərdim. Onun bir filminə baxmaq üçün tələbə təqaüdümün önəmli hissəsini verməyə hazır idim. Amma onu da bizə çox görürdülər. Moskva festivallarında nümayiş etdirilsə də, onun filmləri Bakıya az-az gələrdi. «Azərbaycan» teatrında «Kabiriya gecələri»nə baxdığımı xatırlayıram. İlk günlər bilet üstündə qırğın idi. İndi sənə qəribə gəlir, deyilmi? Həmin kinoteatrın tamaşaçı qıtlığı çəkən zallarını xatırladın? Bu barədə başqa bir yazıda. Bu gün ünlü italiyan rejissorundan danışırıq, axı...

QISA BİOQRAFİYA:

1920-ci il yanvarın 20-də İtaliyanın Rimini şəhərində doğulmuşdu. Bu şəhər Adriatik dənizi sahilində yerləşir. Yəqin ki, gözəl bir şəhərdir Rimini. Mən Adriatik sahillərində olan kiçik şəhərləri görmüşəm və o üzdən Rimininin də Split qədər gözəl olduğuna əminəm. Həyatını yazanlar onun uşaqlığına bu şəhərin təsirini xüsusi vurğulayırlar. Sirk sənətçiləriylə, vodevil göstəriləriylə zəngin bir dönəm imiş. Federiko da onları heyranlıqla seyr edərək, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərə daşıyıb...1973-cü ildə çəkdiyi «Amorkord» filmini isə kino tənqidçiləri avtobioqrafik film sayırlar.

İlk təhsilini katolik məktəbində alıb. Burada yaşadıqları da sonralar filmlərində əks olunacaq. Gənclik illəri faşizm dövrünə düşüb. Bir xeyli sənət dəyişdirib. Karikatura ilə məşğul olmağa başlayıb, müxbirlik edib, sığorta agenti olub və s. İtaliya faşistlərdən təmizlənəndən sonra - 23 yaşında kinoya baş vurub, həyatının qadınına rastlaşıb və buradan 50 il sonra dünya kinosunun tapındığı bir şəxsiyyət olaraq əbədiyyətə qovuşub...

Fellini «Yeni dalğa»nın ən böyük fiqurlarından sayılır.

İş burasındadır ki, 40-50-ci illər kino tarixində «Yeni dalğa»nın yarandığı illər idi. Artıq köhnə kino - bütün dünya kinoteatrlarında göstərilən filmlər, kinoya yeni gələnləri bezdirirdi. Onlar bu filmləri «Sinema dü Papa» - atamın kinoları adlandırırdılar. Deyirdilər ki, bu filmlərdə yaradıcı enerji yoxdur, təxəyyüldə kasadlıq var. Kino adamı təkcə əyləndirməməlidir, həm də bir işə, hərəkətə ruhlandırmalıdır. Və özləri də arzuladıqları filmləri çəkirdilər!

İtaliyada da bu cərəyan var idi. Həm də italyanlar öz «Yeni dalğa»larını yaratdılar. Buna tənqidçilər ikinci kinorenessans deyirlər. Həmin kino dalğanın ən böyük fiqurlarından biri isə Federiko Fellini oldu.

TALE FEDERİKONUN ÜZÜNƏ LAP BAŞLANĞICDA GÜLDÜ

Onu italyan neorealizminin öncülü - Roberto Rosselini ilə qarşılaşdırdı. Rosselini 1945-ci ildə çəkdiyi «Roma –açıq şəhər» filmininin ssenarisini yazmağı Federikoya təklif etdi. Yəqin bu filmin adını eşitmisiniz. Film həmin il Kann festivalının baş mükafatını qazandı. Bundan ruhlanan ikili 3 il sonra Federikonun ssenarisi ilə daha bir film – «Eşq» filmini çəkir. Ən maraqlısı, bu filmdə ünlü italyan aktrisası Anna Monyani ilə Federikonun bir yerdə oynamasıdır.

Cülyetta Masina
İki il sonra Fellini ilk rejissor işi – «Varyete işıqları»nı çəkir. Ancaq ilk dünya şöhrətini 4 il sonar - 1954-cü ildə çəkdiyi «La Strada» - «Bitməyən küçələr» filmi ilə yaxalayır. Yeri gəlmişkən, bu film Azərbaycan dilinə dublyaj olunub və bu yaxınlarda yerli kanallardan biri ilə göstərilirdi. Çox böyük zövq aldım. Filmdə qadın obrazını Cülyetta Mazina – Fellininin ömür dostu canlandırır. Sonra «Kabiriya gecələri», «Dadlı həyat» (bu filmdən sonra hökumətin yasağı ilə qarşılamışdı), «8, yarım», «Ruhların Cülyettası», «Klounlar» və s. Tam 23 film. 1993-cü ildə son filmini çəkir – «Ayın səsi»... Fellini artıq 4 Oskarlı rejissor idi. Saysız film festivallarının laureatıydı. Ölən il - 1993-cü ildə İtaliya Kino Akademiyası onu bütün filmlərinə görə Ləyaqət Oskarı ilə mükafatlandıranda, Fellini zarafatla söyləmişdi: «İnanıram ki, bu son, bağlanış mükafatı deyil...». Elə də oldu.

Fefe, nə üçün bizim də başa düşdüyümüz filmlər çəkmirsən?

Bu sualı hər zaman Romanın taksi sürücüləri Felliniyə sorarlarmış. O da belə cavablarmış: «Onlara gerçəyi anlatdığımı, yalanları hər kəs qavrarkən, gerçəyin həmişə çox mürəkkəb olduğunu söyləyirəm».

NİNO, MARÇELLO, BİR DƏ CÜLYETTA...

Fellini haqda yazanlar onun əksər filmlərinin bəstəkarı Nino Rotadan, filmlərinin əvəzsiz ulduzu aktyor Marçello Mastroianidən bəhs etmədən sözlərini bitirmirlər. Nino Rota ilə Fellinini dünya kino tarixinin ən ünlü rejissor - musiqiçi ikililərindən biri adlandırırlar (Nino Rota həm də «Xaç atası» filminə musiqi yazan bəstəkardır). Qaldı Marçelloya, Federiko deyərmiş: «Bəzən aramızdakı anlaşma o qədər mükəmməl olur ki, sözləri düşüncələrdən ayıra bilmirəm. Biz danışmadan da bir-birimizi anlayırıq».

CÜLYETTA - CANLI QEYD DƏFTƏRİ


Gəldik yazının başlığına. Cülyetta Roma Universitetində Marçello ilə bir yerdə oxumuşdu. Tələbə teatrlarında oynamışdılar. Fellini Cülyettanı kinoya baş vurduğu il - 1943-cü ildən tanıyır. Elə həmin ildə də evlənirlər. Cülyetta Mazina onun həm həyatının, həm filmlərinin qəhrəmanına çevrilir. 50 il bir yerdə yaşayırlar. Kino işçiləri üçün şaşırdıcı bir faktdır, deyilmi? Fellini özü də deyərmiş: «Bir adam biri ilə həyatının 50 ilini keçirirsə, o zaman bütün xatirələr - ortaq xatirələrlə dolu bank hesabı kimi o birinə də keçir. Biz hər ikimiz yaşayan qeyd dəftəriyik».

Romeo və Cülyetta 50 il bir yerdə yaşayardılarmı?

Federiko onları «Federiko və Cülyetta» çağıranlara belə deyərmiş: «Görəsən Romeo və Cülyetta 50-ci evlilik ildönümlərini necə yaşardılar? Sevgiləri bu illər boyunca davam edərdimi? İnanıram ki, onların durumu da Cülyetta ilə mənimkindən fərqli olmazdı».

Başqa bir şok edici fikir: «Cülyettaya inanıram. Ona görə də, dinə ehtiyacım yoxdur. Cülyetta mənim həyatımda bu boşluğu doldurur».

Təəccüblüdür, deyilmi? Nə deyirsiniz-deyin, Yer üzündə qadınları haqqında belə düşünən Kişilərin olması (hətta dünyalarını dəyişsələr belə) qürurverici bir hissdir. Böyük şəxsiyyətlərin sevgiləri də böyük olurmuş!

Daha bir fikir: «Cülyetta Mazina mənim istəklərimə, zövqümə, ideyalarıma tam cavab verirdi... İnanmıram ki, ondan yaxşısını tapa bilərdim!»
Daha biri: «Dünyada 50 il bir yerdə olacağım bir başqa qadın yoxdur!»

Bircə gün dözə bilmədi!

Onlar 49 il 11 ay 29 gün birlikdə yaşadılar. 1993-cü il oktyabrın 31-də böyük rejissorun ürəyi dayandı. Sabahı - noyabrın 1-i onların qızıl toyu olmalıydı. Ömür dostu üçün belə sözlər söyləyən Kişi cəmi bircə gün artıq yaşamağı bacarmadı.

Onu anadan olduğu Rimini şəhərində doğmalarının yanında dəfn etdilər. Romadan Riminiyə qədər matəm kortejinin keçdiyi yol boyu böyük izdiham seli onu son mənzilə uğurlayırdı. Dünya kinosunun ünlü isimləri onun haqqında deyirdilər: Ölümü kinonun bu yüzildəki ən böyük itkisidir. (Vudi Allen). Kino tarixi «Fellini öncəsi» və «Fellini sonrası» deyilən iki dönəmə ayrılıb. (Yves Boisset).

Romeodan sonra onsuz da xəstə olan Cülyetta bu Federikosuz dünyada 5-cə ay dözə bildi...