Hər qış təkrar olunan ifadə - qar yağdı, şəhər iflic oldu

«Əvvəl 5 manata getdiyim yolu 10 manata gedirəm. Çünki bu cür yolda maşın sürmək təhlükəlidir».

Sürücü: «Ay camaat, düşün aşağı, gedə bilmirəm, üzüyuxarı çıxa bilmirəm, yollar buzdur».
Adamlar: «Belə də iş olar, bir az qar yağıb, qalmışıq yollarda».

Bu səhər Bakıda narazı sürücü-sərnişin dialoqu küçələri başına götürmüşdü.

Elə güclü qar yağmasa da, şəhərin küçələri narazı adamlar, hərəkət elə bilməyən avtobuslar, təkərləri üstündə fırlana-fırlana qalmış şəxsi minik maşınlarla dolu idi.

GÖR BU YOLLAR AXŞAM NƏ GÜNDƏ OLACAQ


«Yol buz bağlayıbsa, duz tökməlidirlər, təmizləməlidirlər, belə olmaz axı. İndi belədirsə gör bu yollar axşam nə gündə olacaq…» Avtobus sürücüsü Natiq Əliyev deyir ki, o düz bir saatdır yolda qalıb.

Yollarda qalan sərnişinlərin çoxu isə piyada getməyə üstünlük verirdilər:

«Yolum uzaq olsa da piyada gedirəm. Çünki avtobus çıxa bilmir, gözləməyin nə mənası var».

«Belə şey olmaz axı... Başqa ölkələrə də qar yağır, özü də bundan çox. Camaat da işinə-gücünə gedir, nəqliyyat da işləyir. Çünki yolları təmizləyirlər. Bizdəki kimi deyil ki, bir az qar yağıb deyə həyat iflic olub».

Buz olmayan yerlərdə isə camaat yolun bir hissəsindən o biri hissəsinə keçmək üçün palçıqlı gölməçələri keçməyə çalışırdı:

«Suyun içindəyik, yamyaşıq. Bu işlərə baxmalı olanlar hara baxır?»

ŞƏHƏR İCRA HAKİMİYYƏTİ: «HƏR ŞEY QAYDASINDADIR?!»

Bakı Şəhər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Xalid Ələkbərov isə narzılarla razı deyil. O deyir ki, vəziyyət heç də ciddi deyil:

«Heç bir problem yoxdur. Texnikamız, hər şeyimiz var. Problem olsa aradan qaldırılacaq».

TAKSİLƏR QİYMƏTİ QALDIRIB

Taksi sürücüsü Əhəd isə deyir ki, yollarda hərəkət etmək çətin olduğundan qiymətləri qaldırıblar:

«Əlbəttə, əvvəl 5 manata getdiyim yolu 10 manata gedirəm. Çünki bu cür yolda maşın sürmək təhlükəlidir».

Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yollar buz bağlayıb. Hazırda həm paytaxtda, həm də ölkənin əsas avtomobil yollarında (Bakı-Quba, Bakı-Astara və Bakı-Qazax) nəqliyyatın hərəkəti çətinləşib.

Gün ərzində ölkədə 12 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər həlak olub, 14 nəfər yaralanıb.

HAVA SOYUDUSA, İŞIQ-QAZ DA YOXA ÇIXIR

Havanın temperaturunun 5-6 dərəcə aşağı düşməsi elektrik enerjisini verilməsində də problemlər yaradıb. Abşeron, Binəqədi, Əzizbəyov, Sabunçu rayonlarında işıqlar kəsilib. Adamlar deyir ki, elektrikin verilməsində problemlər dünən axşamdan yaranıb:

«Onsuz da qış girəndən elektrikin verilməsində problemlər yaranırdı. Dünəndən fasilələr lap çoxalıb.

Şəhərin ki istilik sistemi zəifdir, hamı güc verir, elektrikə, axırda da belə olur.

Evdə uşaqlar var, evi qızdırmaq üçün əlimizdən nə gəlir onu eləyirik.

Mən bina evində yaşayıram, ancaq odun yandırırıq. təhlükəlidir, ancaq başqa əlacımız yoxdur».

«Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyir ki, elektrik verilməsində fasilələrin yaranması hava şəraiti ilə bağlıdır:

«Problemlərin aradan qaldırılması üçün işlər görürük. Güclü külək olub deyə, bəzi elektrik xətlərində qəza olub. Hazırda iş gedir».

«Azəriqaz» İstehsalat Birliyindən isə dedilər ki, havanın soyuması ilə bağlı qazın verilişini artırıblar.

HƏLƏ 3 GÜN BELƏ OLACAQ


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində şaxtalı-qarlı hava yanvarın 28-dək davam edəcək.