Region ölkələri Talibanla dialoqu dəstəkləyir

Kabul hökumətinin Taliban yaraqlılarıyla dil tapmaq cəhdlərini Əfqanıstanın qonşuları da dəstəkləyir. Əfqanıstan və qonşu ölkə rəsmilərinin yanvarın 26-da Türkiyədə, İstanbulda keçirilən beynəlxalq konfransında belə bəyannamə imzalanıb.

İstanbuldakı toplantıda Əfqanıstan, Pakistan və Türkiyənin prezidentləri ilə yanaşı İran, Çin, Tacikistan və Türkmənistan rəsmiləri də qatılıb.

İstanbul görüşünün ardınca - yanvarın 28-də Londonda 60-dan çox ölkə rəsmisinin iştirakı ilə konfrans keçiriləcək, Əfqanıstanın hərbi və siyasi gələcəyi, və Əfqanıstana ediləcək yardımlar müzakirə ediləcək.

Həmin konfrans öncəsi artıq Fransa Əfqanıstandakı qoşunlarının sayını artırmayacağını bəyan edib. Almaniya isə 500 əsgər artıracağını bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Londondakı Əfqanıstana yardım üzrə beynəlxalq konfransa qatılacaq.