ATƏT-in Bakı ofisinin rəhbərinin Naxçıvana səfəri başlayıb

Yanvarın 28-də ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorelin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. Bu barədə AzadlıqRadiosuna ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov məlumat verib.

Cankorelin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Daxuli İşlər, Ədliyyə nazirləri, Ali Məhkəmənin sədri, İnsan hüquqları üzrə müvəkkil, Vəkillər Kollegiyasının sədri və muxtar respublikada fəaliyyət göstərən QHT təmsilçilərilə görüşləri nəzərdə tutulur. Səfir görüşlərə sabah başlayacaq. ATƏT nümayəndəsinin Bənənyara gedib-getməyəcəyi isə məlum deyil.

Rəşad Hüseynovun dediyinə görə, səfərdə əsas məqsəd 2010-cu ildə ATƏT-in Bakı ofisinin Naxçıvanda keçirəcəyi layihələrlə bağlı rəsmi qurumlar və QHT nümayəndələrilə müzakirələr aparmaqdır:

«ATƏT-n Bakı ofisi Azərbaycanın müxtəlif bölgələrində layihələr həyata keçirir. Qurum istəyir ki, Naxçıvanda da layihələr həyata keçirsin. Səfərdə də bununla bağlı müzakirələr aparılacaq ki, Naxçıvanda hansı layihələrə ehtiyac var».