Ötən il 436 cinayətkar qrup və 24 mütəşəkkil dəstə zərərsizləşdirilib

Yanvarın 29-da Daxili İşlər Nazirliyində ötən il cinayətkarlığa qarşı mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. Məlumatı nazirliyin mətbuat xidməti yayıb.

Nazir Ramil Usubov deyib ki, uzun illərdir Azərbaycan həm MDB, həm də Avropa ölkələri ilə müqayisədə insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdəndir.

Onun sözlərinə görə, hesabat dövründə bütün subyektlər üzrə 23 minə yaxın cinayət qeydə alınıb ki, bunun da 88 faizə qədərinin üstü açılıb. Nazir ağır və xüsusilə ağır cinayətlərin açılma göstəriciləri ilə bağlı vəziyyətin yaxşılaşdığını bildirib.

R.Usubov nazirliyinn fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı əldə olunan naliyyətlərdən də danışıb. Onun dediyinə görə, 2009-cu ildə «102» xidmətinə daxil olmuş məlumatlar əsasında bütövlükdə 125 cinayətin üstü açılıb.

Nazir beynəlxalq axtarışda olanların da tutulmasında nəzərəçarpacaq irəlləyişlərin olduğunu bildilib.

R.Usubov mütəşəkkil cinayətkarlığa qarşı mübarizədən də danışıb. Deyib ki, kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 436 qrup, 24 mütəşəkkil dəstə zərərsizləşdirilib.

Nazir narkotraffikə və insan alverinə qarşı mübarizə, həmçinin qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində görülən işlərin səmərə verdiyini bildirib.