Bakıda iki sərnişin avtobusu toqquşub, ölənlər var

Binəqədi rayonu ərazisində iki sərnişin avtobusunun toqquşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində hər iki avtobusun sürücüsü – 1954-cü il təvəllüdlü Rasim Seyfullayev və 1950-ci il təvəllüdlü Ağabala Əhmədov hadisə yerində keçiniblər.

Sərnişinlərdən 1951-ci il təvəllüdlü Minəxanım Quliyeva, 1983-cü il təvəllüdlü Vilayət Məlikov və şəxsiyyəti hələ dəqiqləşdirilməmiş 40-45 yaşlarında bir kişi qəza nəticəsində dünyasını dəyişib. Polis İdarəsindən həmçinin bildirilib ki, qəza nəticəsində yaralanan 8 nəfər paytaxtın müxtəlif xəstəxanalarına yerləşdirilib, hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Xatırladaq ki, qəza Bakı vaxtı ilə 07.30 radələrində Binəqədi şosesində yerləşən «Emil Petrol» yanacaqdoldurma stansiyasının qarşısında baş verib. 285 və 165 nömrəli reyslərdə işləyən sərnişin avtobuslarının toqquşub, qəzanın səbəbləri məlum deyil.

Hadisə yerində qatı duman olduğuna görə, qəzanın görmə məsafəsinin pis olması səbəbindən baş verdiyi güman olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.