YAP-çıların sayı yarım milyona çatdı

YAP-ın prezident seçkilərində təbliğat mitinqi. Bakı, 17 sentyabr 2008

Fevralın 2-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) 500 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib.

Təqdimat mərasimi partiyanın mərkəzi qərargahında keçirilib.

Mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib:

«Digər partiyaların hamısı birləşsə, say, güc və digər parametrlərinə görə YAP-la müqayisə oluna bilməz. Azərbaycanda hər 10 seçicidən biri artıq YAP üzvüdür».

YAP üzvlərinin sayının təxminən 40 faizinin gənclərdən ibarət olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, hər il partiya sıralarına 30 min civarında insan qoşulur.

YAP-ın 500 mininci üzvü Ləman Fərzəliyevayadır. O, Bakı Dövlət Universitetinin tələbəsidir.

YAP 1992-ci ildə keçmiş prezident Heydər Əliyev tərəfindən yaradılıb. Artıq 17 ildir hakimiyyətdədir.