ABŞ Senatının Kəşfiyyat Komitəsində Qarabağdan danışılıb

ABŞ-ın Milli Təhlükəsizlik İdarəsinin direktoru Dennis Bler

Fevralın 2-də ABŞ Senatının Kəşfiyyat Komitəsində açıq dinləmə keçirilib. Dinləmələr belə adlanıb: «Birləşmiş Ştatlara hazırkı və gözlənən təhdidlər». ABŞ-ın Milli Təhlükəsizlik İdarəsinin direktoru Dennis Bler komitədə çıxış edib.

Avrasiyada potensial münaqişə ocaqlarına toxunan Bler deyib: «Qafqazın həll olunmamış münaqişələri Avrasiya regionunda qaynar nöqtələrə oxşayır. Gürcüstanın separatçı Cənubi Osetiya regionunda Moskvanın genişlənmiş hərbi iştirakı və bu regionla siyasi-iqtisadi münasibətləri, həmçinin hərdənbir baş verən zorakılıqlar səhv proqnoz və həddən artıq reaksiya yaradar ki, bu da savaşı qızışdıra bilər».

Bler daha sonra deyib: «Baxmayaraq ki, son bir ildə Türkiyə-Ermənistan yaxınlaşmasında irəliləyiş olub, bu yaxınlaşma Ermənistanla Azərbaycanın həssas münasibətlərinə təsirini göstərib. Bu da Dağlıq Qarabağda münaqişənin təzələnməsi riskini artırır».

Oxşar dinləmələr Nümayəndələr Palatasında da keçirilib.