Almaniyada Hitlerin kitabını çap eləmək istəyirlər

2-cu Dünya Müharibəsindən bəri ilk dəfə olaraq Almaniyada nasist rəhbəri Adolf Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) əsərini çap edəcəklər.

Bu haqda niyyətini Münxendə yerləşən Çağdaş Tarix İnstitutu elan edib. (DPA agentliyi).

Müharibə bitəndən və nasistlərin hakimiyyətinə son qoyulandan sonra kitabın çapı qadağan edilmişdi.

Institutun əməkdaşı Edith Raim deyib ki, kitab 2015-ci ildə yenidən çap oluna bilər. Həmin il Hitlerin ölümündən 70 il keçmiş olacaq, bu isə qanuna görə, kitabın müəllif hüquqlarının da “sona çatması” deməkdir.

İnstitut “Mein Kampf” əsərini ön sözlə çap etmək fikrindədir.

Hitlerin bu əsəri ilk dəfə 1925-26-cı ildə nəşr edilib.

Amma əsərin tekstinin saxlandığı Bavariya bölgəsinin maliyyə naziri Çağdaş Tarix İnstitutunun bu planlarına etiraz edib və bildirib ki, onlar əsərin çapına icazə verməyiblər.

Ölümünə qədər Hitlerin yaşayış yeri rəsmən Münxen şəhəri olduğu üçün ona məxsus əmlakın hüquqları Bavariya bölgəsinə məxsusdur. 2015-ci ildə həmin hüquqlar ictimaiyyətə keçir və ondan hamı istifadə edə bilər.

“Mein Kampf” əsərində Hitlerin tərcümeyi halı ilə birlikdə nasional sosialist ideologiyasının prinsipləri əksini tapıb.

Hitler burada antisemitizm ideylarını da açıqlayır, “yəhudi təhlükəsi”ndən danışır. “Kommunizm”in şər olduğunu bəyan edir. Əsərdən Hitlerin gələcək işğal planlarının da “rüşeymləri” əks olunub.

Hitler 2-ci Dünya Müharibəsində törədilən hərbi cinayətlərin və milyonlarla yəhudinin ölümünə yol açan soyqırım siyasətinin başında durub. Almaniyada insanlar hətta uşaqlarına "Adolf" adı qoymamağa çalışırlar.

Azərbaycanda 2005-ci ildə “Mein Kampf” əsərini çevirib çap elədiyinə görə yazar Əvəz Zeynallıya “irqi ayrı-seçkiliyi qızışdırmaq” ittihamı ilə cinayət işi açılmış, keçə il işə xitam verilmişdi.