Panik atak (Qış etüdləri)

Mən bu xəstəliyin adını ilk dəfə 10-12 il əvvəl eşitmişəm. Bir yaxın tanışımın bu azara tutulmasından sonra. Demək, o cavan xanım yaşamaqdan qorxurdu. Məsələn, məktəbli oğlunu dərsə aparıb-gətirə bilmirdi. Çünki apanda, geri tək gələ bilmirdi. Qarşılamaq istəyəndə, məktəbə tək gedə bilmirdi...Evdə də təklikdən qorxurdu. Yazıq qadın bacı-qardaşdan, rəfiqələrdən asılı yaşayırdı. Mən də qalmışdım onun dərdinə yana-yana. Həm də, o əcaib xəstəliyin qorxusunu çəkə-çəkə...

Bir gün təsadüfən türk televiziyalarının birindən bu xəstəlik barədə geniş bilgi aldım. Bütün əlamətləri o qadınınkı ilə üst-üstə düşən xəstəliyin adı, sən demə, panik atakmış (xəstəliyin adını Azərbaycan türkcəsində ifadə etmədiyim üçün üzr istəyirəm. Bilən varsa, yazsın)...Heç demə, bu xəstəlik yayılqanmış. Hətta bəzi xəstələr o qədər müalicə həkimindən asılı olurlarmış ki, yaşadıqları evi satıb həkimlə eyni rayonda mənzil alırlarmış...

CAN BAKI ...

Üç gündür qar əsarətində qalmışıq. Bizim rayonda (Nərimanov) qısamüddətli elektrik kəsintilər oldu. Bu, yenə dözüləndir. Ən pisi, suyun olmamasıdır. Bu da işıq deyil ki, xətlər sıradan çıxsın. Borular donubsa, hər yerdə donmalıdır. Necə olur ki, Əhmədlinin boruları donmur, «Montin»inki donur? İkinci günün sonunda buna da aydınlıq gətirildi. Sən demə, məsələ borularda yox, elektriksiz qalan nasoslarda imiş...

Yaxşı, bəs neyləyək, tutaq ki, içmək üçün dükandan su almaq olar. Bəs qalan ehtiyaclara? Təsəvvür edin ki, adı bəlli bulaq sularından birini boşaldırsan evdəki kanalizasiya borusuna! Ya da əl-üzünü bulaq suyu ilə yuyursan (Bəh-bəh!). Adama nə deyərlər? Heç nə! Sən demə, bulaq suyu da şəhərdə qəhətə çıxacaqmış. Susuzluğun 2-ci günü ətraf dükanlar bütün su ehtiyyatlarını satıb tükətmişdilər...

Fikirləşib çıxış yolu tapdım. Səhər eyvana yağan qardan bir vedrə su əritdim!

Eşq olsun! Can Bakı! Can Azərbaycan! Yaşasın XXI əsr!

Sizə də məsləhət görürəm. Düzdür, əziyyətlidir, həm də baha başa gəlir. Nə qədər qaz yandırmalısan ki, o ərisin. Amma bulaq suyundan ucuzluğu şəksizdir.
Özü də, «defisit» deyil, boldur...

GERİDƏ-DEPRESSİYA QORXUSU, İRƏLİDƏ...

Hə, harda qalmışdım? Panik atakdan niyə qara keçdim? Yadıma düşdü. Bu səhər yenə türk televiziyalarından birində (yaxşı ki, onlar var, 90-larda olduğu kimi, 2 minlərdə də dadımıza yetirlər) belə bir fikir eşitdim. Ağxələtli aparıcı xanım məsləhət bilirdi ki, əgər depressiyaya düşmək istəmirsinizsə, geriyə boylanmayın! Yəni keçmişi saf-çürük edib, niyə onu belə etdim - elə etmədim - deməyin. Əks-halda, depressiya – ruh düşkünlüyü qaçınılmazdır. Bir də deyirdi gözəl xanım - gələcəyi düşünməyin, nə olacaq, necə olacaq-deyibən özünüzü üzməyin...Yoxsa, panik atak olarsınız!
Bax, belə! Qorxduğum azar - panik atak yenə gəldi düşdü yadıma...

Tutaq ki, keçmişi fikirləşmədim. «Niyə belə etdim, niyə elə etmədim» - deməyi ağlımdan çıxardım. Bəs sabahı necə düşünməyim? Əlimdə qar vedrəsi, gözüm yaşadığımız binanın həyətindəki ayrı xətdən çəkilən su kranınında. Hər yan qar, gediş-gəliş azalıb. Yerli kanalları açıram, Bakının qarlı-çovğunlu halını görürəm, adamlar 10 km-lərlə qarlı-buzlu yolu pay-piyada evlərinə tərəf çapırlar.

Yıxılan kim, qolu-qıçı sınan kim, qəzaya düşən kim...

Üçcə günə tab gətirməyən Bakım. Can Bakım!

Bəs sabahı necə düşünməyim?

YADDAŞIM MİLLİ ARXİVDƏN BETƏR

Tutaq ki, özümü, ailəmi nələr gözlədiyini düşünməyi atdım bir kənara. Axı, mən kar-kor deyiləm? Hər gün qohum-qonşulardan, həmkarlarımdan xəbərlər alıram.

Məsələn, müxbirimiz Maarif Çingizoğlunun Neftçalanın bir kəndində rastlaşdığı, XXI əsrdə evlərini «gərmə»ylə qızdıran kəndlilərin gələcəyini necə düşünməyim?

Bənənyardakı oğlu döyülüb-söyülüb yorğan-döşəyə düşən çarəsiz ananın ünvansız ah-naləsindən necə qurtulum?

Azərbaycanın ucqar qərbində yaşayan qohumum Zaurun, ailəsini yaşadığı zirzəmidə qızındırmaq üçün yer qazıb ağac kökü axtardığını necə sinirim?
Ayda cəmi 100 manat maaş alan və iş tapdığına şükür eləyən Zaurun məzuniyyət müddətində Bakının göydələnlərində günü 10 manata fəhlə işlədiyini, onun cavan «Təhminə»sinin hər axşam 12-ci mərtəbədə işləyən ərinə zəng vuraraq sağ-salamat olduğunu eşidincə şadlandığını, 2 körpə qız uşağının yarıac-yarıtox, soyuq zirzəmidə Bakıda «işləyən» atasının yolunu səbirsizliklə gözlədiyini gözümün önünə gətirib də, necə rahatsız olmayım?

Və ya... «N» saylı hissədəki faciədə ərini itirən başqa bir qohumumun yetim qalmış 3 balasının halına necə acımayım? Hələ onun 30-lu yaşlarda dul qalan gənc xanımının gələcəyinə necə ağlamayım?

Yenə həmin qərb rayonunda həyat yoldaşıyla birgə müəllim işləyən başqa bir qohumumun banka ödənməli olan 100 manata görə nə qədər qapıya getdiyini, heç kəsdə bu qədər pul (!) olmadığından paytaxta ağız açdığını eşidib də, necə sakit yaşayım?

Misalları nə qədər istəsəniz çoxalda bilərəm. Ürəyim, yaddaşım milli arxivdən betərdir. Odur ki:

Üzr dilərəm!

Söz verirəm, dünəni qurdalamamağa, depressiyanı aşmağa çalışacağam.

Ancaq Sabir demiş, «məzur tut», sabahı düşünməməyə imkan yox...

Lap Bakıya 3 deyil, 30 gün qar yağsa da...

Mənzilimizdə 3 deyil 300 gün su olmasa da...

Şəhərə yağan bütün qarları əritmək zorunda qalsam da...

Lap o azar – «panik atak» məni öz qoynuna alsa da!