İşıq söndü və yandı. Səbəb isə qaranlıq qalır...

Metronun «Nizami» stansiyasının qarşısı

Fevralın 9-da saat 12-də Bakının əksər rayonlarında işıqların sönməsi daha çox metro stansiyalarında əhalinin təşvişinə səbəb oldu. Qatarların hərəkəti dayandığından sərnişinlər vaqonlarda qalmışdılar. Ona görə metro stansiyalarının qarşısına yığışan adamlar içəridə qalan yaxınlarına görə narahat idilər:

AXI BELƏ OLMAZ...

- Həyat yoldaşım qalıb qatarda, çox narahatam, bayaqdan gözləyirəm.

- Mən eskalatorda olanda işıq söndü, , indi metroya qayıtmaq istəyirəm, hələ bağlıdır.

- Prezident deyir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edə bilər.
Bəs öz vətəndaşlarının enerji təhlükəsizliyi haqda kim düşünməlidir?

- Qızım metrodadır, çox narahatam, axı belə olmaz...

Metronun «Nizami» stansiyasının qarşısına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yalnız bir saatdan sonra gəldilər. Onlardan az sonra isə təcili yardım maşınları göründü. Günorta saat 2-dən sonra metro işə düşdü.

Şəhərin böyük hissəsinin bir neçə saat işıqsız qalmasına nə səbəb olmuşdu?

SƏBƏBİNİ MÜTƏXƏSSİSLƏR ARAŞDIRIR

İlkin məlumatlarda səbəb kimi Bakıya gələn yüksək gərginlikli elektrik xətlərində ciddi nasazlığın yaranması göstərildi. «Azərenerji»dən əvvəlcə xəbər yayıldı ki, Mingəçevir SES Silsiləsi və Azərbaycan İstilik Elektrik Stansiyası hədsiz yüklənmə nəticəsində fəaliyyətini dayandırıb. Nəticədə Bakıda və ölkənin bəzi rayonlarında işıqlar kəsilib. Günün sonunda isə «Azərenerji» bildirdi ki, hadisəyə səbəb Abşeron yarımstansiyasındakı açılma olub. Qurumun mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyir ki, hələ mütəxəssislər açılmanın səbəbini araşdırırlar:

- Gözlənilməz hadisə idi. Səbəbini mütəxəssislər araşdırır. Onların birgə rəyindən sonra biz nəsə deyə bilərik.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, hadisənin Abşeron yarımstansiyasında açılmanın səbəb olması ağlabatan izah deyil:

BU NAĞILLARI GEDİB ÖZLƏRİ ÜÇÜN DANIŞSINLAR


- Bu o deməkdir ki, Azərbaycan Respublikasının, onun paytaxtının enerji təhlükəsizliyi məhfumu yoxdur. Bu necə ola bilər? Abşeron yarımadasına təkcə Abşeron yarımstansiyasından enerji daxil olur? Bu nağılları gedib özləri üçün danışsınlar. Bu baş aldatmaqdan başqa bir şey deyil. Necə olur ki, Abşeron yarımstansiyasında açılma olur, bəs onda Lökbatanda niyə işıq olmayıb? Söhbət ondan gedir ki, enerji idarə edilməsi iflic vəziyyətindədir. Nəticədə biz hər gün belə «çp»lərlə üzləşirik.

2009-cu ilin noyabrında prezident İlham Əliyev Abşeronda ən böyük İstilik Elektrik Stansiyası- Sumqayıt İES-in açılışında bildirmişdi ki, hökumətin düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edə bilib və qısa müddət ərzində elektrik enerjisinin idxalçısından ixracatçısına çevrilib.

HƏMÇİNİN OXU

Elektrik probleminin səbəbi açıqlandı